...

Səfir: İranın Zəncan əyalətində Azərbaycanla əməkdaşlıq üçün geniş potensial var

Siyasət Materials 22 Aprel 2014 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir T.Cəfərov/

Zəncan əyalətində zəngin mədənlərin olması, bu əyalətin gözəl iqlimi, coğrafi mövqeyi və tibb sahəsindəki potensialları Azərbaycanla əməkdaşlığın artırılması üçün əlverişli şərait yaradır. Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Zəncan əyalətinin başçısı Cəmşid Ənsari ilə görüşündə deyib.

Trend-in İRNA dövlət agentliyinə istinadən verdiyi məlumata görə, səfir C.Axundov bildirib ki, Zəncan əyaləti ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın artırılması üçün geniş potensial var.

Görüşdə əyalətin başçısı Cəmşid Ənsari deyib ki, Zəncan əyaləti elektrik enerjisinin istehsalı sahəsində və zəngin mədənlərin olması baxımından ölkədə birinci yerdədir: "İranın ən böyük sink istehsalı zavodu Zəncanda yerləşir və bu əyalətdə sənayenin bəzi sahələri çox inkişaf edib".

Onun sözlərinə görə, Zəncan kənd təsərrüfatı sahəsində də İranda qabaqcıl yerdədir: "Zəncan əyaləti müxtəlif, o cümlədən universitetlərarası əməkdaşlıq, texnologiya və qarşılıqlı sərmayələrin yatırılması sahələrində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır".

Qeyd edək ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov aprelin 20-də Ərdəbil əyalətinə səfər etmişdi. O, ötən gün Ərdəbildə görüşlərini başa vurduqdan sonra Zəncan əyalətinə gedib. Səfər çərçivəsində azərbaycanlı investorların İranın Ərdəbil və Zəncan əyalətlərində turizm, mədənlər və digər sahələrə sərmayə yatırması məsələsi müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti