...

Oqtay Əsədov Xorvatiya Prezidenti ilə görüşüb

Siyasət Materials 20 May 2014 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend/

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Xorvatiyada rəsmi səfərdədir. Mayın 18-də başlayan səfərdə Milli Məclisin deputatları Çingiz Əsədullayev, Sahibə Qafarova, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində O.Əsədov Xorvatiya Prezidenti İvo Yosipoviçlə görüşüb. İ.Yosipoviç dövlətlərimizin strateji tərəfdaş olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya səfər etməsi dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə təkan verib. Səfər zamanı ölkələrimiz arasında bir sıra sənədlər imzalanmış və Zaqreb Bəyannaməsi qəbul olunmuşdu. Xorvatiya Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır. O, ümidvar olduğunu bildirib ki, Milli Məclisin nümayəndə heyətinin bu səfəri parlamentlərarası münasibətlərin daha da inkişaf etməsinə yeni impuls verəcək.

Öz növbəsində, Milli Məclisin sədri O.Əsədov Azərbaycanın dövlət başçısı İlham Əliyevin salamlarını Xorvatiya Prezidentinə çatdırıb. Xorvatiyaya ilk dəfə səfər etdiyini deyən O.Əsədov bu səfərin parlamentlərarası əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcəyinə inandığını söyləyib. Ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri iqtisadi əlaqələrin də yaxın zamanlarda yüksələcəyinə əminliyini ifadə edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan spiker Xorvatiyanın da müstəqillik əldə etdikdən sonra oxşar problemlə üzləşdiyini xatırladıb. Qeyd edilib ki, Azərbaycan münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Lakin münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti nəticə vermir. Milli Məclisin sədri Dağlıq Qarabağ məsələsində Xorvatiyanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və ölkəmizin ərazi bütövlüyünün Zaqreb Bəyannaməsində əks olunduğuna görə Xorvatiya hökumətinə minnətdarlığını bildirib.

Prezident İ.Yosipoviç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında Azərbaycanın səylərini dəstəklədiyini, hərb yolunun bu kimi məsələləri daha da mürəkkəbləşdirdiyini vurğulayıb. Xorvatiyanın dövlət başçısı onu da qeyd edib ki, bu yaxınlarda Xorvatiyanın müdafiə naziri Azərbaycanda rəsmi səfərdə olub. İ.Yosipoviç bu əməkdaşlıqdan razılığını bildirib.

Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlər gələcəkdə də inkişaf etdiriləcək.

Səfər çərçivəsində Milli Məclisin sədri O.Əsədov xorvatiyalı həmkarı Yosip Leko ilə görüşüb. Təkbətək keçirilən görüş daha sonra geniş tərkibdə davam etdirilib. Görüşdə Bakıya səfərini xatırladan Xorvatiya parlamentinin sədri ölkəmizin yüksək iqtisadi inkişafına heyran olduğunu dilə gətirib, Bakının isə son dərəcə modern bir şəhər olduğunu qeyd edib. Azərbaycanla Xorvatiyanın həm coğrafi, həm də tarixi cəhətdən bənzərliyini vurğulayan Y.Leko regional və beynəlxalq məsələlərdə də mövqelərimizin üst-üstə düşdüyünü bildirib.

Azərbaycan Parlamentinin sədri, öz növbəsində, Y.Lekonu Xorvatiyanın Avropa İttifaqına üzv olması münasibətilə təbrik edib, iki ölkə arasında yüksək siyasi əlaqələrlə bərabər, iqtisadi münasibətlərin də inkişaf etdirilməsinin vacibliyindən söz açıb. Milli Məclisin sədri vurğulayıb ki, mədəniyyət və turizm sahələrində əlaqələrin genişlənməsi xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəcək. O.Əsədov Xəzər dənizində artıq 28 ildir ki, Xorvatiya istehsalı olan bərələrin istismar edildiyini, bu yaxınlarda isə iki yeni bərənin alındığını bildirib: "Bununla Xorvatiya Böyük İpək Yolunun bərpasına öz töhfəsini verir".

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda hər iki ölkənin parlament sədrləri brifinq keçiriblər, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərindən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti