...

Zakir Həsənov: Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki paritet bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib

Siyasət Materials 25 İyun 2014 11:00 (UTC +04:00)
Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Zakir Həsənov: Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki paritet bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzərTAc-a müsahibəsində deyib.

Müdafiə nazirinin sözlərinə görə, Silahlı Qüvvələrin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır: "Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qısa zamanda hərbi büdcəmiz 20 dəfədən çox artıb. Bu baxımdan 2014-cü il üçün dövlət büdcəsində baş vermiş dəyişikliklərə diqqət yetirmək kifayətdir. Ölkəmizin 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır. Son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib. Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb".

Z.Həsənov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin əsaslı surətdə gücləndirilməsi, qoşunların maddi-texniki təminatının keyfiyyətinin hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə yeni silahların, texnikaların, trenajorların alınması, hərbi hissələrə verilməsi istiqamətində işlər aparılır: "Biz zirehli texnikaların, aviasiya vasitələrinin, döyüş imkanlarına malik digər texnikaların keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyətləri həyata keçiririk. Son dövrdə ən müasir "Smerç" yaylım atəşli reaktiv sistemləri, "Toçka-U" taktiki raket kompleksləri, "BUK-1MB" zenit-raket kompleksləri, "T-90S" tankları, "TOS-1A" ağır odatan sistemləri, "MSTA-S" özüyeriyən artilleriya haubitsaları, özüyeriyən "Pion" topları, o cümlədən ölkəmizdə istehsal olunan "Şahin" və "Qaranquş" pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti