Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Elçin Mehdiyev/
Bu gün Bakıda Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü qeyd olunub.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmilləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bütün qonaqlara tədbirdə iştiraka görə təşəkkürünü bildirərək, ABŞ-ın müstəqillik tarixi barədə tədbir iştirakçılarına məlumat verib. Səfir qeyd edib ki, ABŞ müstəqillik yolunda böyük çətinliklərdən keçərək bu günə gəlib çıxıb.
ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə toxunan səfir bildirib ki, ABŞ və Azərbaycan birgə çox uğurlara nail olublar və 20 ildən artıqdır ki, ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyir.
ABŞ və Azərbaycan arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayan R.Morninqstar ümid etdiyini bildirib ki, bu əməkdaşlıq daha da güclənəcək.
Daha sonra çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov Azərbaycanın Prezidenti və hökuməti adından ABŞ xalqına səmimi təbriklər çatdırıb və ABŞ xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.
Nazir qeyd edib ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir: "Azərbaycan ABŞ ilə əlaqələrin daha da inkişafına böyük önəm verir. Bu baxımdan siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin inkişaf etməsi və daim genişlənməsi məmnunluq doğurur".
O bildirib ki, Azərbaycanın ümumilli lider Heydər Əliyev hər zaman ABŞ-Azərbaycan əlaqələrinə xüsusi önəm verib: "Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və xalqın milli maraqlarına əsaslanan xarici siyasət iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə töhfə verir".
Nazir deyib ki, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmlə mübarizə sahəsində ABŞ ilə birgə iştirak Azərbaycan ilə ABŞ arasında əlaqələrə müsbət təsir göstərir.
ABŞ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin də artdığını deyən nazir bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib.
S.Şərifov vurğulayıb ki, ABŞ şirkətləri həm Azərbaycanda, həm də Azərbaycanın iştirakı ilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edir və Azərbaycana investisiya yatırırlar.
O, əlavə edib ki, Azərbaycanın ən ağrılı yeri olan və 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və sülh yolu ilə həllində Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-a böyük ümid bəsləyir və ABŞ-ın status-kvonun qəbuledilməzliyi ilə bağlı mövqeyini təqdir edir.
Daha sonra tədbir bədii hissə ilə davam edib.