...

Azərbaycan Braziliya ilə humanitar və iqtisadi sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək istıyir

Siyasət Materials 1 Oktyabr 2014 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Braziliya xarici işlər nazirinin əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Viannanı qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında X.Xələfov Azərbaycanla Braziliya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini qeyd edib.

Artıq ikinci dəfə Azərbaycana səfər etdiyini bildirən H.Vianna iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq, Azərbaycanla Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan X.Xələfov münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu qeyd edərək, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini vurğulayıb.

O, Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verərək, bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafında və ticarət dövriyyəsinin artmasında rolunu diqqətə çatdırıb.

H.Vianna Braziliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələri dəstəklədiyini bildirərək, münaqişənin dialoq və qarşılıqlı anlaşma əsasında sülh yolu ilə həll olunmasının vacibliyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti