Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Aygün Bədəlova/
IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təkcə bu forumun rolu deyil, həm də Azərbaycanın müasir dünyada və regionda rolu mövzusu üzrə bir neçə vaciq məqamı müəyyənləşdirib. Bunu cümə axşamı Trend-ə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Onun sözlərinə görə, dövlət başçısı multikulturalizm kimi mövzuya böyük diqqət ayırdı: "Multikulturalizm Azərbaycan üçün vacib mövzudur. Burada müxtəlif millətlərin nümayəndələri yaşayırlar və Azərbaycanda məskunlaşan müxtəlif xalqlara, ayrı-ayrı konfessiyaların nümayəndələrinə qarşı bərabər hörmətin göstərilməsi siyasəti dövlətin təbii ehtiyacıdır. Nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti azərbaycanlılardır".
M.Şvıdkoy qeyd edib ki, İlham Əliyevin müəyyənləşdirdiyi ikinci vacib mövzu Azərbaycanın coğrafi vəziyyəti səbəbindən böyük rol oynadığı mədəniyyətlərarası proseslə bağlıdır: "Bu, Şərqlə Qərb arasında, müsəlman və slavyan, Avropa dünyası arasındakı vacib mədəni, siyasi, iqtisadi mərkəzlərdən biridir. Bu vəziyyət Azərbaycana bir sıra məsələlərin müzakirəsində, sivilizasiyalar alyansının müzakirəsi üçün müxtəlif mədəniyyətlərin cəlb edilməsində böyük üstünlüklər verir".