...

Türkiyədə "köhnə aktyorlar" yeni simada

Siyasət Materials 9 Oktyabr 2014 14:24 (UTC +04:00)
Türkiyədə 22 nəfərin ölümü ilə nəticələnən son iğtişaşlar 2013-cü ildə baş verən Taksim hadisələri ilə müqayisədə daha ciddidir.
Türkiyədə "köhnə aktyorlar" yeni simada

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyədə 22 nəfərin ölümü ilə nəticələnən son iğtişaşlar 2013-cü ildə baş verən Taksim hadisələri ilə müqayisədə daha ciddidir.

Taksim hadisələri o vaxtkı Baş nazir (hazırkı prezident) Rəcəb Tayyib Ərdoğan hakimiyyətinə qarşı yönəlmişdi.

Bugünkü hadisələr isə miqyasına və nəticə etibarına görə daha ciddi fəsadlara yol aça bilər. Ən azından ona görə ki, ölkənin cənub-şərqindəki altı vilayətdə, o cümlədən bəzi böyük şəhərlərdəki toqquşmaların kökündə etnik və dini ünsürlər durur. Məhz bu səbəbdən Ankara daha ciddi addımlar atmaq məcburiyyətində qalaraq polis və jandarma ilə yanaşı, bir çox vilayətə vəziyyəti nəzarətdə saxlamaq üçün ordu yeritdi.

Toqquşmaların əsasən ölkə parlamentinin "2 oktyabr mandatı"ndan sonra (İraq və Suriyada hərbi əməliyyatlara icazə verilməsi) Türkiyənin Suriyanın Kobani şəhərindəki kürdləri "İslam Dövləti" (İD) terror təşkilatından müdafiə etməməsindən qaynaqlandığı söyləyənilsə də, bu, aysberqin sadəcə görünən tərəfidir.

Maraqlı məqamlardan biri odur ki, "2 oktyabr" mandatı qəbul edilərkən mandat əleyhinə çıxanlardan biri də kürdyönlü Xalqların Demokrat Partiyası (HDP) idi.

Dünən isə HDP rəhbərliyi verdiyi yazılı açıqlamada 2009-cu ildə başladılan Ərdoğanın müəllifi olduğu və kürdlərlə barışığı nəzərdə tutan "Demokratik açılım" prosesinin yarımçıq qalacağını bildirib.

Bəyanatda o da deyilir ki, Suriyanın Kobani şəhərindəki kürdlərin müdafiəsi ilə Türkiyədəki kürdlərlə barışıq prosesi bir-birindən ayrı tutulmamalıdır.

Türkiyədəki toqquşmalar polis və nümayişçilər arasında deyil, Ankaranın Kobani kürdlərini müdafiə etməməsini bəhanə edən PKK tərəfdarları ilə əsasən kürdlərdən ibarət olan İslamçı HÜDAPAR (Hür Dava Partiyası) tərəfdarları arasında gedir.

HÜDAPAR-ın tərkibində 1983-cü ildə təsis edilərək dörd il gizli fəaliyyət göstərən İslamçı "Hizbullah Al Kurdi" təşkilatının olması bir faktdır. 1990-cı ildən başlayaraq türk ordusu və kəşfiyyatı "Hizbullah Al Kurdi" ilə PKK terror təşkilatına qarşı əməkdaşlıq edib.

"Hizbullah Al Kurdi" ilə PKK üzvləri arasındakı toqquşmalarda ümumilikdə mindən çox adamın öldüyü bildirilir. Nəzarətdən çıxan "Hizbullah Al Kurdi" təşkilatın lideri Hüseyn Vəlioğlunun qətli ilə 2000-ci ildə açıq fəaliyyətinə son qoyaraq müxtəlif dərnəklərdə fəaliyyətə başladı. 2012-ci ildə isə HÜDAPAR partiyası təsis edildi.

Dolayısı ilə bu gün Türkiyədə baş verən toqquşmaları HÜDAPAR-ın simasında "Hizbullah Al Kurdi" ilə PKK arasında olan toqquşmanın davamı kimi qiymətləndirmək olar.

Bu gün Türkiyədə baş verənlərin fonunda Kobani hadisələri bəhanə olsa da, etiraf etmək lazımdır ki, bu şəhər həm "İslam Dövləti", həm kürdlər, həm də Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Suriya kürdləri bilirlər ki, Kobaninin "İslam Dövləti"nin nəzarətinə keçməsi digər kürd şəhərlərində domino effekti yaradacaq. "İslam Dövləti" üçün Kobaninin strateji mahiyyəti isə şəhərin İD-nin nəzarətdə olan Carablus və Rakka şəhərləri arasında yerləşməsidir. Dolayısı ilə, Kobaninin "xilafət" tərkibinə qatılması "İslam Dövləti" üçün bölgəyə nəzarətin güclənməsi deməkdir.

Kobaninin "İslam Dövləti"nin nəzarətinə keçməsi isə Ankara üçün Türkiyə-Suriya sərhədində "Mürşitpınar" sərhəd-keçid məntəqəsinin itirilməsi deməkdir. Hazırda Akçakale-Tel Abyad, Qaziantep-Karkamış və Kilis Çobanbəy-El Rai sərhəd-keçid məntəqələri "İslam Dövləti"nin nəzarəti altındadır.

Hadisələri diqqətlə izlədikdə Türkiyədə "köhnə aktyorların" yeni obrazda gündəmə gəldiyini, bunun da əsasında PKK və İraq amilinin durduğunu görmək olar. Belə ki, Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalandan fərqli olaraq, Qəndildəki (İraq ərazisi) PKK rəhbərliyi Ankaranın kürdlərlə başlatdığı sülh prosesinə inanmadıqlarını bildirib. Hətta PKK-nın Qəndil rəhbərliyi Türkiyə ilə barış prosesinin başa çatdığı haqqında bəyanatlar verib. Məhz buna görə də Kobani PKK üçün, sözün əsl mənasında, "göydəndüşmə" fürsətdir.

Türkiyə əleyhinə daima təzyiq vasitəsi kimi istifadə edilən PKK bu dəfə də öz ampluasındadır. Hədəf isə kürdlərlə başladılan barış prosesini yarımçıq qoymaq, eləcə də Türkiyədə yenidən müharibə ortamı yaratmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti