...

Ədliyyə Nazirliyinin idarə rəisi: Xədicə İsmayılovanın Azərbaycana təzyiq etmək istəyən qüvvələrin buyruqçusu olması təəccüb doğurmur (MÜSAHİBƏ)

Siyasət Materials 28 Oktyabr 2014 17:03 (UTC +04:00)
Məlum olduğu kimi, birgə qrupun fəaliyyəti Avropa Şurası Baş katibi Torbyorn Yaqlandın və dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur.
Ədliyyə Nazirliyinin idarə rəisi: Xədicə İsmayılovanın Azərbaycana təzyiq etmək istəyən qüvvələrin buyruqçusu olması təəccüb doğurmur (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

tbuatda xəbər verildiyi kimi, İnsan hüquqları məsələləri üzrə birgə Qrupun fəaliyyəti yenidən bərpa olunmuşdur. Trend-in məlumatına görə, bununla əlaqədar Qrupun üzvü, Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov mətbuatın suallarını cavablandırıb.

- Faiq müəllim, birgə Qrupun yenidən formalaşdırılmasında məqsəd nədən ibarətdir?

- Məlum olduğu kimi, birgə qrupun fəaliyyəti Avropa Şurası Baş katibi Torbyorn Yaqlandın və dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunmuşdur. Bilirsiniz ki, hər bir demokratik cəmiyyətdə insan haqlarının qorunması mühüm rol oynayır. Dövlətimizin ali məqsədi olan insan hüquq və azadlıqlarının müdafiəsinə daim xüsusi diqqət yetirilir, bu istiqamətdə mühüm qanunvericilik və institusional tədbirlər görülür. Şübhəsiz ki, qrupun yenidən fəaliyyətə başlaması şəffaflığın təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə səmərəli dialoq üçün əsaslı zəmin yaratmış, Azərbaycanın bu sahədə güclü siyasi iradəsini ortaya qoymuşdur.

Qrup bundan əvvəl 2005-2008-ci illərdə fəaliyyət göstərmişdi və onun əsas məqsədi məhkəmə prosesi zamanı hüquqları pozulması ehtimal olunan şəxslərin işləri ilə məşğul olmaq və ədalətlilik, humanizm prinsiplərinə sadiqlik nümayiş etdirməklə müvafiq qərarların qəbul olunmasına yaxından köməklik göstərmək idi. Təsadüfi deyil ki, həmin dövrdə qrup tərəfindən xeyli işlər görülmüş və dövlət orqanlarının nümayəndələri ilə qeyri-hökumət təşkilatları arasında konstruktiv əməkdaşlıq nəticəsində 150-dən çox şəxsin azadlığa buraxılmasına nail olunmuşdur.

Azərbaycan hər zaman insan hüquqlarına və bütövlükdə demokratik dəyərlərə sadiqliyini ardıcıl işlərlə nümayiş etdirmişdir. Heç də təsadüfi deyil ki, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ərəfəsində qəbul olunmuş 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planında da bir çox mühüm istiqamətlərlə yanaşı, insan hüquqlarının təminatı məsələsi də başlıca prioritetlərdən biri kimi təsbit olunmuşdur.

Qrupun fəaliyyətə başlaması dialoq üçün dəyərli və etibarlı mexanizm kimi qəbul olunaraq digər Avropa dövlətləri üçün unikal modeldir. Qeyd olunan fikirlər bu günlərdə dövlət orqanlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də Avropa Şurası Baş katibinin nümayəndəsinin iştirakı ilə keçirilmiş iclasda səsləndirilmişdir.

- Qeyd etdiniz ki, Qrup müəyyən bir dövrdə fəaliyyət göstərmiş və sonradan fəaliyyətini dayandırmışdır...

- Bəli. 2008-ci ildən sonra Qrupun fəaliyyət göstərməməsi Avropa Şurasında Azərbaycanda qondarma "siyasi məhbus" məsələsinin gündəmə gətirilməsindən sonra baş vermişdir. Bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanda "siyasi məhbus"lar üzrə xüsusi məruzəçi təyin olunmuşdur. O da məlumdur ki, uğursuz və destruktiv fəaliyyəti, ölkəmizə qarşı qərəzli mövqeyi ilə yadda qalan məruzəçi Kristofer Ştrasserin, yumşaq desək, həqiqətdən uzaq olan məruzəsi elə məhz Avropa Şurası Parlament Assambleyası tərəfindən böyük səs çoxluğu ilə qəbul olunmamışdır.

Ümumiyyətlə qeyd etməliyəm ki, "siyasi məhbus" anlayışı özünün mənbəyi və hüquqi təbiəti baxımından mübahisəlidir və bütövlükdə beynəlxalq hüquqda, o cümlədən Avropa Şurasının sənədlərində, konvension normalarda müəyyən edilməmişdi. "Siyasi məhbus" anlayışı yalnız Amnesty İnternational təşkilatının və Avropa Şurasının Stefan Treksel, Evert Alkema və Aleksandr Arabaçiyevdən ibarət ekspertlər qrupunun hazırladıqları meyarlar əsasında istifadə edilib. Lakin bu nümunələr nə universal, nə də regional səviyyədə qəbul edilmiş beynəlxalq-hüquqi meyarlar hesab edilə bilməzlər. Ona görə də onların yalnız Azərbaycana münasibətdə tətbiqi, xüsusi məruzəçi institutunun müəyyən olunması ölkəmizə qarşı qərəzli münasibətdən və ikili standartlardan xəbər verir. Bu, ədalətsizlikdir və yolverilməzdir. Azərbaycanda "siyasi məhbus" yoxdur və heç kəs siyasi mənsubiyyəti, baxışları və mövqeyinə görə təqib oluna bilməz. Hər kəs yalnız konkret cinayət əməlləri törətdiyinə görə qanunla müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə cəlb olunur.

Xatırlatmaq yerinə düşər ki, Qrupun əvvəlki fəaliyyəti dövründə qəbul etdiyi Memoranduma əsasən "siyasi məhbus" termininin işlədilməsindən belə imtina olunmuşdur. Bu termin "məhkəmə prosesi zamanı hüquqlarının pozulması ehtimal olunan şəxslər" ifadəsi ilə əvəz edilmişdir. İndi isə qrup yenidən bərpa olunarkən "İnsan hüquqları məsələləri üzrə birgə Qrup" adlandırılmışdır.

Eyni zamanda bildirməliyəm ki, ötən illərdə Qrupun müvəqqəti olaraq fəaliyyətinə xitam verilməsinə baxmayaraq dövlət orqanları və vətəndaş cəmiyyəti institutları, o cümlədən insan hüquqları sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları arasında konstruktiv dialoq və səmərəli qarşılıqlı fəaliyyət davam olunmuşdur. Misal üçün Ədliyyə Nazirliyinin təşəbbüsü ilə hələ 2006-cı ildən yaradılaraq fəaliyyət göstərən və tərkibində ölkədə tanınmış, öz müstəqilliyi ilə seçilən hüquq müdafiə qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən İctimai Komitəni və onun səmərəli ictimai nəzarət mexanizmi kimi ictimai etimadını nümunə gətirmək olar.

Xüsusi vurğulamalıyam ki, bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir, geniş imkanlar yaradılır. Açıq hökumətin təşviqi, xüsusilə bu il iyun ayından qüvvəyə minmiş "İctimai iştirakçılıq" haqqında Qanun dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük təkan vermişdir. Bütün bunlar vətəndaş cəmiyyətinin nümayəndələri ilə sıx əməkdaşlıq üçün daha geniş imkanlar yaradır. Bir sıra mühüm sahələrdə, o cümlədən ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlər keçirilərkən, məhkumları şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı, həmçinin əfv və amnistiya aktlarının icrasında sıx əməkdaşlıq həyata keçirilir, hüquq müdafiəçiləri, QHT-lər mütəmadi olaraq belə tədbirlərə cəlb olunur, eləcə də "açıq qapı" günlərinə, mətbuat konfranslarına, habelə şəffaflığın təmin olunması məqsədilə işə qəbulla bağlı keçirilən müsabiqələrdə iştiraka dəvət edilirlər.

Yeri gəlmişkən, cəmiyyətimizdə dərin rəğbətlə qarşılanmış, o cümlədən Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmiş ölkə başçısı cənab İlham Əliyevin 18 oktyabr - Müstəqillik günü ərəfəsində imzaladığı növbəti Əfv Sərəncamının icrası prosesində də vətəndaş cəmiyyətinin nümayəndələri yaxından iştirak etmişlər.

- Qrupun genişləndirilmiş tərkibi ilə bağlı nə deyə bilərsiniz?

- Qrup yaradılarkən daha geniş tərkibdə fəaliyyətə başladı. Orada təmsil olunan hüquq müdafiə fəaliyyəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının və dövlət qurumlarının nümayəndələri açıq, konstruktiv dialoq şəraitində birgə məsləhətləşmələr, müzakirələr aparacaq və əvvəldə də qeyd etdiyim kimi, hüquqları pozulması ehtimal olunan şəxslərin işləri ilə bağlı qərar qəbul etmək səlahiyyətləri olan orqanlara tövsiyələr veriləcək. Artıq Qrupun iclasından sonra müəyyən addımların atılmasına başlanılmış, o cümlədən azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı müvafiq tədbirlər görülmüşdür.

Qrupun işinə rəhbərlik həmsədrlər tərəfindən həyata keçirilir, cari və hazırlıq işlərinin təşkilini isə Katiblik aparır ki, bura qeyri-hökumət və dövlət qurumlarının nümayəndələri daxil edilmişlər. Sözsüz ki, tərkib ehtiyac yaranarsa, daha da genişləndirilə və digər hüquq müdafiə təşkilatları da cəlb oluna bilər.

- Qeyd etdiniz ki, qrupun fəaliyyəti daha da genişləndirilə bilər. Mətbuatda xəbər verildiyi kimi, Qrupda Xədicə İsmayılovanın da iştirakı nəzərdə tutulurdu, lakin onun iştirakı təmin olunmadı...

- Bəli. Formatın daha da genişləndirilməsi üçün real imkanlar var. Bu barədə qrupun iclasında da müzakirələr aparılmış, digər vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasının mümkünlüyü bildirilmiş və təkliflər verilmişdir. Xədicə İsmayılovaya gəldikdə isə bildirməliyəm ki, iclas ərəfəsində onun "facebook" sosial şəbəkəsindəki Qrupun bərpasına dair nümayiş etdirdiyi qeyri-konstruktiv və məsuliyyətsiz münasibəti, o cümlədən orada təmsil olunan şəxslərlə bağlı təhqiramiz ifadələrlə dolu bəyanatı Qrup üzvlərinin, xüsusilə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin haqlı narazılıqlarına səbəb olmuş, birmənalı və yekdilliklə onun qrupda iştirakına etirazlar bildirilmişdir. Hətta X.İsmayılovanın bu addımı iclasa dəvət olunmuş Avropa Şurası Baş Katibinin nümayəndəsi tərəfindən də təəccüb və anlaşılmazlıqla qarşılanmışdır.

- Ümumiyyətlə, Qrupun işinə kölgə salmağa çalışan Xədicə İsmayılovanın sosial şəbəkədə dedikləri fikirlərə münasibətiniz necədir?

- Əvvəla onu deyim ki, fəaliyyəti, amalı bəlli olmayan Xədicə İsmayılovanın özünün "facebook" sosial şəbəkəsində qeyri-etik, Qrupda təmsil olunan şəxslərin nüfuzuna, etibarına xələl gətirən, ucuz və sensasiya xarakterli ifadələr işlətməklə gündəmdə qalmağa çalışmasına, cəmiyyətdə hay-küy yaratmasına dəlalət edir. Hesab edirəm ki, bütün bunlar onun özünün ağlının məhsulu deyil və cəmiyyətimizə, bütövlükdə ölkəmizin imicinə hər vəchlə zərbə vurmağa cəhd edən havadarlarının tapşırığıdır. Görünür, Qrupun yenidən bərpa olunması bəzi daxili və xarici qüvvələri ciddi narahat etdiyindən himayəsində X.İsmayılova və onun kimilərin vasitəsilə gözdənsalma kampaniyasına başlamaq fikrinə düşmüşlər. Bu baxımdan da X.İsmayılovanın sosial şəbəkədə qərəzli çıxışı belə niyyətlərin bir tərkibi idi. Anlaşılan odur ki, o, qrupa daxil olmaqla dialoqa və qrupun işinə xələl gətirmək məqsədi güdürdü. Amma çox maraqlıdır, X.İsmayılova hansı yüksək statusundan çıxış edərək Qrupda təmsil olunan şəxslərə, o cümlədən uzun illər hüquq müdafiə fəaliyyəti ilə məşğul olmuş, ölkədə və mötəbər beynəlxalq təşkilatlarda kifayət qədər tanınan, o cümlədən BMT-də müşahidəçi statusuna malik olan hüquq müdafiəçilərinə qarşı belə münasibət sərgiləyir və onlar nə etməlidirlər ki, X.İsmayılovanın etimadını qazana bilsinlər. X.İsmayılovanın özündən soruşmaq lazımdır ki, bəs o, özü kimdir?

Mən deyərdim ki, o, çıxışı ilə özünü ifşa elədi və cəmiyyətdə barəsində artıq formalaşmış mənfi rəyi bir daha təsdiqləmiş oldu. Heç də təsadüfi deyil ki, dövlət başçısının Əfv Sərəncamını Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Ketrin Eşton ilə Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fülenin dəstəkləməsi də X.İsmayılovanın beynəlxalq dəstəyini puça çıxarmışdı.

Ona görə də X.İsmayılovanın öz dünyagörüşünə, düşüncə tərzinə uyğun ölkə əhəmiyyətli mühüm məsələlərə destruktiv mövqe sərgiləməsi, Azərbaycana təzyiq etmək istəyən qüvvələrin buyruqçusu olması heç də təəccüb doğurmur.

Azərbaycan dövləti öz vətəndaşlarının hüquq və azadlıqlarını etibarlı təmin etmək iqtidarındadır. Bu məsələlərə milli dəyərlərimiz, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi humanizm prinsiplərindən çıxış edilərək, daim həssaslıqla yanaşılır. Bu işdə dövlətimiz, həmçinin, beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun struktur qurumları ilə sıx əməkdaşlığı davam etdirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti