Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev-Trend:
Bu gün Milli Şuranın əvvəlki mitinqlərindən heç nəyi ilə fərqlənməyən növbəti fiasko mitinqi keçirlidi. Yenə az sayda, şirnikləndirilmiş eyni adamlar, eyni şüarlar, eyni məzmunlu çıxışlar, çeynənmiş sözlər və s. Belə demək mümkünsə, bu mitinq Milli Şuranın növbəti utanc yeri oldu.
Axı bu mitinq nəyə və kimə lazım idi? Azərbaycan xalqına, Azərbaycanda demokratiyanın inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına hansı xeyri dəydi? Əlbəttə heç bir xeyri dəymədi və dəymə ehtimalı da yox idi. Ona görə ki, öz daxillərində sabitliyi qoruyub saxlaya bilməyən, qarşıdurmanın qarşısını ala bilməyən, öz üzvlərinin maraqlarını təmin edə bilməyən bir iki partiyanın mitinqindən hər hansı bir müsbət nəticə gözləmək sadəlövhük olardı. Bunu üçün sadəcə bir fakta diqqət yetirmək lazımdır. Milli Şuranın 12 oktyabr mitinqdən indiyə qədər ötən bir aydan da az bir müddətdə mitinqlərdə ağız dolusu demokratiyadan, ədalətdən, insan hüquqlarından dəm vuran, Milli Şuranı öz manapoliyasına keçirən Əli Kərimlinin AXCP-sindən istefaların şahidi olduq. İstefa verən üzvlər AXCP rəhbərliyini ədalətsizlikdə, sayğısızlıqda, pozuntularda və s-də ittiham etdilər. AXCP rəhbərliyi isə müxtəlif bəhanələrlə bu ittihamlardan yayınmağa çalışdı, amma hər şey göz qabağında idi. Belə bir vəziyyətdə Əli Kərimli hansı haqla çıxıb ədalətdən, demokratiyadan, insan hüquqlarından danışır? Adama deyərlər birinci get öz qüsurunu düzəlt sonra gəl danış. Yaxşı deyiblər öz gözündə tiri görmür başqasının gözündə çöp axtarır. Belə olan halda isə Milli Şuranın mitinqlərinin sadəcə səxsi maraqlar, hansısa siyasi dividentlər qazanmaq, özlərini Avropanın gözünə soxub nəsə əldə etmək, gündəmdə qalmaq naminə keçirildiyini söyləyə bilərik.
Bunu zatən insanlar da yaxşı başa düşür. Məhz buna görə də Milli Şuranın mitinqləri daha çox piket səviyyəsində keçir. Təsadüfi deyil ki, bu dəfəki mitinqdə insanların sayı əvvəlki mitinqdən az idi. Digər bir tərəfdən ötən dəfə hörmətsizlik görən Müsafat Partiyasının nümayəndələri də bugünki aksiyaya dəstək vermədilər.
Dayanın, vallah dayanın, müxalifət adına ləkəsiniz. Meydan da verirlər, sözün ucundan yapışıb ucuzluğa qədər gedirsiniz, yenə sizi dəstəkləyən yoxdur.
Bütün bunlar onu göstərir ki, heç bir sosial bazası olmayan Milli Şuranın mitinq siyasəti də fiaskoya uğrayıb. İndi görək Əli Kərimli və onun komandası hansı üsula əl atacaq? Hansı üsula əl atırlar atsınlar, sosial bazaya söykənməyən hər hansı qərar elə kağız üzərində qalacaq.