Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
"Azərbaycan və İran arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollar civarındadır. Düşünürəm ki, iki ölkənin ticarət dövriyyəsini 10 dəfə artırmaq olar və bunun üçün geniş imkanlara malikik". Bunu Trend-ə eksklüziv açıqlamasında Prezident Həsən Ruhaninin Azərbaycana səfəri ilə bağlı Bakıda olan İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniyanın deyib.
Nazir bildirib ki, Azərbaycan və İran arasında siyasi və mədəni əlaqələrin çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi əlaqələr indiyədək çox aşağı olub: "Azərbaycan və İranı bir-birinə tarixi və mədəni köklər bağlayır. İki ölkə qarşılıqlı olaraq tələbat olan məhsulların alış-verişini təmin edə bilər. Hər iki ölkədə ticarət əlaqələrinin inkişafı üçün iqtisadi potensial var".
Onun sözlərinə görə, Azərbaycan və İranın qonşu, müştərək sərhədlərə malik olması, iki ölkə xalqlarının bir-birinə bağlılığı ticarət əlaqələrini artırılması üçün əlverişli şərait yaradır: "Azərbaycan və İran rəhbərliyi ticarət əlaqələrinin inkişafı istiqamətində mövcud problemlərin həll edilməsində qərarlıdır. Ümid edirəm ki, ticarət əlaqələri hər iki ölkə xalqlarının arzuladığı səviyyəyə çatacaq".
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana noyabrın 12-də başlayan səfəri bu gün başa çatıb.