Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Təmkin Cəfərov/
Müsəlman ölkələrinin kütləvi informasiya vasitələri mövcud həssas zamanda İslam dininin həqiqətlərini dünyaya çatdırmalıdırlar. Trend xəbər verir ki, bunu Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İRNA agentliyinə deyib.
C.Axundov bildirib ki, İslam ölkələrinin informasiya qurumları birləşmə məsələsini gündəliklərində saxlamalı və İslamı dünyaya birgə çatdırmalıdırlar: "Müsəlman ölkələrinin KİV-i ifratçılıq və zorakılıqla mübarizədə önəmli rol oynaya və İslamın ifratçılıq və zorakılığa qarşı olduğunu göstərə bilərlər".
Onun sözlərinə görə, bu gün dünyada KİV-in təsir gücü artır, buna görə də müsəlman ölkələrinin KİV-i də güclənməli və yeni texnologiyalarla təchiz olunmalıdır.
Səfir müsəlman ölkələri KİV-i arasında yaxınlaşma yaradılması baxımından Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, İslam ökələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi hotelində keçirilir. "İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-lərin yaxınlaşması" şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsi təmsil olunur.