Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İlkin İzzət/
Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin "dilini kəsmək siyasətidir". Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir.
Trend xəbər verir ki, bu fikirləri Müsavat Partiyası sıralarından xaric edilən Qubad İbadoğlu facebook sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
Q.İbadoğulunun sözlərinə görə, Müsavat Partiyası Divanı vədinə xilaf çıxıb, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəcədən verdiyi razılığı son anda pozub: "Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular. Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən "divantutma"nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma ki, nə fayda? Onlar da olmayanı onlardan ummağa dəyməzmiş!"
Partiya sıralarından xaric edilən Q.İbadoğlu onun barəsində verilən qərarın sifarişli olduğu fikrindədir: "Mən xeyli əvvəldən bu sifarişin nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bugün sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar? Görünən kəndə nə bələdçi. Bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq".
Musavat Partiyasındakı həmfikirlərinə müraciət edən Q.İbadoğlu partiyanın bir qrupun əlində oyuncağa şevrilməsinə imkan verilməyəcəyəni bəyan edib: "Fədakar müsavatçı bacı və qardaşlarım! Qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb!"
Qeyd edək ki, fevralın 6-da Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib. İclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun partiyanın sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Yığıncağa Q.İbadoğlunun da dəvət olunmasına baxmayaraq, o, toplantıda iştirak etməyib. Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi səsə qoyulub və 12 nəfər lehinə, 1 nəfər bitərəf qalmaqla qərar qəbul olunub.