Azərbaycan, Bakı, 3 mart /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Sloveniya Milli Şurasının Prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olundu.
Mitya Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırdı.
12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa oyunlarına görə Azərbaycanı təbrik edən Mitya Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söylədi.
Elmar Məmmədyarov Azərbaycan ilə Sloveniya arasında tarixi bağlantıların olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən də əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğuladı.
Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd etdi.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirdi.