Azərbaycan, Bakı, 13 mart /Trend/
ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və ılaqələndiricisi, səfir Mədinə Jarbussinova insan alveri ilə mübarizə istiqamətində Azərbaycan hökumətinin göstərdiyi səyləri təqdir etdiyini bildirib.
ATƏT-dən Trend-ə verilən məlumata görə, M.Jarbussinovanın Azərbaycana dörd günlük səfərinin məqsədi ATƏT nümayəndələrinin 2012-ci ildə Azərbaycana səfərindən sonra hazırladığı rəsmi hesabatda əksini tapan tövsiyələrin Azərbaycan hökuməti tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi olub.
Səfir qeyd edib: "Hökumətin bu sahədə göstərdiyi səyləri təqdir edirəm. İnsan alverinə qarşı tədbirlərin təkmilləşdirilməsinə dair qanunvericiliyə edilən son dəyişiklikləri də xüsusilə vurğulamaq istərdim".
Onun sözlərinə görə, qanunvericiliyə edilmiş əsas iki dəyişiklik insan alveri, habelə məcburi əməyin cinayət əməli kimi qeyd edilməsi, eləcə də insan alveri qurbanlarının repatriasiyasına dair qaydaların qəbulu ilə bağlıdır.
Xüsusi nümayəndə bildirib ki, Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatı onu əməkçi miqrantlar üçün daha da cəlbedici məkana çevirib. Buna görə də ölkə hazırda işçi miqrantların istismarının qarşısının alınması və onunla mübarizə kimi problemlərlə üzləşir. Bura hüquqi tənzimləmə və icra mexanizmlərini mürəkkəb və davamlı olaraq dəyişən reallığa uyğunlaşdırmaq daxildir: "ATƏT-in Bakı Layihə Əlaqələndiricisi bu sahədə hökumətlə uğurlu əməkdaşlıq edir və insan alveri ilə mübarizəyə dair hökumət və vətəndaş cəmiyyəti institutlarının səylərinə önəmli dəstəyini davam etdirəcək".
Səfir M.Jarbussinova bildirib: "Nümayəndəliyim tərəfindən 2002-ci ildə verilən tövsiyələr əsasında, əməyin istismarının qarşısının alınması ilə bağlı bir çox fəaliyyətlər həyata keçirilib. Mən dövlət qurumlarını bu fəaliyyəti davam etdirərək riskli sahələrdə, o cümlədən tikinti sektorunda xəbərdarlıq etmədən yoxlamalar aparmağa çağırıram".
O, Azərbaycanın insan alveri ilə mübarizəyə dair qəbul etdiyi sonuncu Fəaliyyət Planında əməyin istismarı ilə mübarizə tədbirlərinə böyük diqqət ayrıldığından məmnun qaldığını qeyd edib.
M.Jarbussinova insan alveri qurbanları üçün Bakı və ətraf ərazilərdə yerləşən sığınacaqları da ziyarət edib. O, həmçinin ölkənin ikinci iri şəhəri olan Gəncədə yeni mərkəzin açılışını alqışlayıb: "Həqiqətən də qurbanların müdafiəsi və cəza almaması ilə yanaşı, qurbanlara yardım göstərilməsi müasir dövrün köləliyi olan insan alverinin aradan qaldırılması istiqamətində kompleks səylərin əsas elementidir".
Səfər zamanı M.Jarbussinova əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, daxili işlər nazirinin müavini, insan alverinə qarşı mübarizə üzrə milli əlaqələndirici Vilayət Eyvazov, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Milli Məclis sədrinin müavini və Milli Məclisin iki komitəsinin sədrləri, eləcə də bir sıra yüksək rütbəli dövlət rəsmiləri, o cümlədən Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin İdarəsindən nümayəndələrlə görüşüb. Səfir, həmçinin vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.