...

İsmayıl Alper Coşqun: "Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil"

Siyasət Materials 17 Mart 2015 10:15 (UTC +04:00)
Ermənilərin 2015-ci ildən sonra 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil.
İsmayıl Alper Coşqun: "Ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil"

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Ermənilərin 2015-ci ildən sonra 1915-ci il hadisələri ilə bağlı iddialarından əl çəkəcəyi inandırıcı deyil. Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Trend-ə açıqlamasında bildirib.

O, qeyd edib: "Bu il 1915-ci il hadisələrinin yüzüncü ildönümü olduğu üçün Ermənistan bundan istifadə edərək, özünü məzlum kimi göstərərək dünyada Türkiyəni narahat edəcək siyasi qərarların qəbul edilməsi məqsədilə ciddi cəhdlər göstərəcək. Buna görə də Türkiyə ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına bu il son qoyacaqlarına inanmır".

Səfir deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması Türkiyənin Ermənistanla əlaqədar Azərbaycanla ortaq probleminin olması deməkdir: "Hazırda Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq səviyyədə daha aktiv olduğu bir dövrdəyik. Azərbaycan və Türkiyə bir çox beynəlxalq qurumlarda təmsil olunur və bu istiqamətdə aktiv addımlar atıldığının şahidi oluruq. Eyni zamanda, Azərbaycan və Türkiyə diasporları daha aktiv fəaliyyət göstərirlər".

Diplomat vurğulayıb ki, Azərbaycan və Türkiyə ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına qarşı birgə fəaliyyət göstərirlər və bu işbirliyi təkcə 2015-ci illə əhatə olunmayıb: "Türk dünyasının ortaq tarixi var və bu tarixə sahib çıxmağa çalışırıq. Ortaq tariximizə sahib çıxmaq üçün hər şeydən əvvəl gənclərimizə, gələcək nəsillərə bu tarixi anlatmaq lazımdır. Digər tərəfdən, ortaq dəyərlərimizi təsbit edərək onları üzə çıxarmaq lazımdır. Biz bunu edərkən qatı milliyyətçilik prinsipindən çıxış etmirik".

İ.A.Coşqun əlavə edib ki, bütün bunları edərkən Ermənistanın və erməni lobbisinin türk tarixini ləkələmək cəhdlərinə qarşı addımlar atılır: "Təbii ki, bütün bunlar fərqli istiqamətlərdə aparılmalıdır və ən önəmlisi, yaxın tarixdə baş vermiş qanlı hadisələri dünyanın diqqətinə çatdırırıq. Bunlardan ən öndə gələni Xocalı faciəsidir. Həm Türkiyə daxilində, həm də ölkədən kənarda Azərbaycanla bu istiqamətdə işbirliyimiz artır".

Səfir qeyd edib ki, keçən il sabiq baş nazir, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına diqqət yetirmək lazımdır: "Ölkə Prezidentinin keçən il verdiyi açıqlamanın xüsusən də Ermənistan tərəfindən təkrar oxunmasında bir fayda var. Bu açıqlama ilə Türkiyə Ermənistana və ümumilikdə erməni xalqına əl uzadıb. İşğalçılıq siyasəti və düşmənçiliklə normal bir gələcək qurula bilmədiyi üçün müzakirələr apararaq, bir-birimizi dinləyərək anlamağa çalışmağı təklif etdik. Ancaq Ermənistanın verdiyi reaksiya ilə onların birtərəfli iddiaları davam etdirəcəkləri və düşmənçilik prinsipindən çıxış edəcəkləri ortaya çıxdı".

O, hesab edir ki, Ermənistan xalqının həqiqəti görməsi və hakimiyyətə təzyiq etməsi lazımdır: "Türkiyə olaraq tariximizdən heç bir narahatlığımız yoxdur. Ermənistanın 1915-də yaşanan hadisələrlə bağlı birtərəfli təqdimatını qəbul etmirik. Ermənistanın etmək istədiyi hüquqi, siyasi və tarixi olaraq qəbuledilməzdir. 1915-ci il hadisələrindən sui-istifadə edən Ermənistan bəzi ölkə parlamentlərində bununla bağlı siyasi qərarların qəbul edilməsi ilə Türkiyəni çətin vəziyyətə salmaq niyyətindədir. Bu isə əsla mümkün deyil, çünki bu iddia haqqında elmi, tarixi və hüquqi müstəvidə bir fikir birliyi və ortaq anlayış yoxdur. Soyqırım hadisəsinin olub-olmadığını sübut etmək üçün beynəlxalq məhkəmə qərarı olmalıdır, digər tərəfdən isə BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasına görə soyqırım termini 1948-ci ilə aiddir və ondan əvvəlki tarixi hadisələrə tətbiq oluna bilməz. Bu məsələnin hüquqi tərəfidir".

Fövqəladə və səlahiyyətli səfir deyib ki, bütün bunlarla yanaşı, siyasi və tarixi baxımdan da "soyqırım" iddiasının Türkiyə əleyhinə istifadə edilməsi mümkün deyil: "Ermənistan birtərəfli iddialar əsasında bəzi parlamentlərdə qəbul edilən əsassız qərarların ciddi şəkildə Türkiyə əleyhinə istifadə olunmasına cəhd edir. Ortaq tariximizə ləkə salmaq cəhdləri əsla qəbuledilməzdir. Digər tərəfdən, Ermənistanın iddiaları tarixi baxımdan da əsassızdır".

İ.A.Coşqun hesab edir ki, ermənilərin göstərdiyi bir çox mənbələrin doğruluğu da ciddi şübhə altındadır, bir qismi isə tamamən yalan və uydurmadır.

Onun sözlərinə görə, Türkiyənin Ermənistandan istəyi budur ki, əgər əllərində hər hansı bir fakt varsa, ortaya qoysunlar və bu məsələ araşdırılsın. Bununla yanaşı, Türkiyə bir addım daha irəli gedərək bildirir ki, 1915-ci il hadisələri zamanı yaşanan bütün ağrı-acıları anlayır, lakin kiminsə hisslərinin qabardılması mümkün deyil: "Anadolu xalqının o zaman çəkdiyi ağrı-acıları və erməni quldur dəstələrinin vəhşiliklərini unutmağımız mümkün deyil. Əgər Ermənistan bütün bunları müzakirə etməyə, o dövrün ağrı-acılarına anlayış göstərərək ortaq gələcək qurmağa hazırdırsa, Türkiyə də xalqlarımızı yaxınlaşdırmağa hazırdır. Amma bunu etməyə hazır olarkən bir şeyi də yaddan çıxarmırıq - Azərbaycan torpaqlarının işğal altında olması faktını bir kənara ata bilmərik. Xalqlarımızın yaxınlaşması üçün Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulmalıdır".

Diplomat bildirib ki, Ermənistanla imzalanan protokolların hədəfi də məhz bu idi: "Ermənistanın münaqişənin həll edilməsi üçün siyasi iradəsi yoxdur. Eyni zamanda, işğal siyasətindən vaz keçəcəyinə dair hər hansı bir işarə belə yoxdur. Bütün bunlarla yanaşı, ölkənin demoqrafik və iqtisadi vəziyyəti göz qabağındadır. Ermənistan xalqı başını qaldırıb ətrafına baxsa, Azərbaycanın inkişafına, Azərbaycan və Türkiyənin Gürcüstan ilə əməkdaşlığına baxsa, nə üçün bu inkişafdan kənarda qaldığını düşünə bilər".

Diplomat əlavə edib ki, 1915-ci il hadisələrinə ədalətli yanaşma prinsipi olarsa, Türkiyə Ermənistanla, eyni zamanda, hamı ilə istənilən mövzunu müzakirə etməyə hazırdır: "Türkiyə olaraq özümüzə güvənirik, ölkə Prezidentinin qeyd etdiyi kimi, əgər hansı bir səhvimiz varsa, onu da müzakirə etməyə hazırıq. Ümid edirik ki, nə zamansa Ermənistanda sağlam məntiq qələbə çalacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti