...

Müharibə aparan ölkənin faciəsi hərbçisinin dövlətinə inanmamasıdır

Siyasət Materials 24 Mart 2015 18:00 (UTC +04:00)
Vətəndaşlarının ölkəni tərk etdiyi, qalan insanlarının isə aclıq, səfalət içərisindəki durumuyla Ermənistanın Azərbaycana qarşı iddialarını hələ də sürdürməsi bataqlıqda saman çöpü axtaracaq qədər ağılsızlqdan başqa bir şey deyil.
Müharibə aparan ölkənin faciəsi hərbçisinin dövlətinə inanmamasıdır

Azərbaycan xəbərlər xidməti

Mətanət Əliyeva - Trend:

İki gün öncə günün informasiyası erməni əsgərinin hərbi hissəsini tərk edib Azərbaycan tərəfinə keçməsi oldu. Atəşkəs dövründə analoji hallar olub. Bu, ilk deyil. Amma martın 22-də sərhədi keçərək torpaqlarımıza gələn hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan həm də söylədiyi sözləri, atdığı addımını əsaslandırmaq üçün açıqladığı fikirləri ilə də kifayət qədər diqqəti çəkmiş oldu:

"Könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Mən mənasız yerə ölməkdən qorxuram".

Əslində, hər zamankı kimi haray-həşir qoparan, yalan, dezinformasiyalar yayan erməni "təbliğat maşını" bu olayın baş verməsindən sonra da işğalçı mövqeyini gizlətmək istiqamətində əməlli-başlı "qol çırmayaraq" faktın üzərini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdılar və bu prosesi hazırda da davam etdirirlər. Amma qədim bir Azərbaycan atalar sözündə də deyildiyi kimi, görünməyən oğru xandan, bəydən doğru...

Erməni yalanlarının üzərində dayanmadan öncə vurğulamağı önəmli hesab edirəm ki, dövlət başçısı İlham Əliyev Novruz bayramı munasibəti ilə xalq qarşısında etdiyi cıxışında bir daha bildirdi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq: "Biz İrəvana, Zəngəzura, Şuşaya, Xankəndinə qayıdacağıq. Bu mütləq olacaq və heç kim buna şübhə etməsin".

Bəli, Azərbaycan bu gün özünün inkişaf edən iqtisadiyyatı, güclü Milli Ordusuyla qüdrətli bir dövlətdir. Ermənilərin və onların havadarlarının artıq Azərbaycanla diktə dilində danışmaq cəsarətləri yoxdur. Hər zaman onların arxalandığı dəstəkçiləri isə bu gün dünya düzənində öz mövcudluqlarını qorumağa çalışırlar, ermənilərin mövqelərini deyil...

Martın 22-dən artıq Azərbaycan tərəfində olan erməni əsgərinin sözlərinə diqqət çəkməyi əhəmiyyətli hesab edirəm:

"Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil. Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var. Amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər. Bir də buradan əlində məcbur silah tutan yoldaşlarıma səslənib demək istəyirəm ki, azərbaycanlılar heç də o, cinayətkar hakimiyyətin illərdir bizim beynimizə yeritdikləri kimi deyillər. Nə qədər ki, gec deyil siz də mənim kimi edin".

Bu bir erməni hərbçisinin mövqeyidir. Hər hansı Azərbaycan hərbçisinin və ya mülki vətəndaşınının erməni cəmiyyəti, hökuməti, ordusu haqqında dediyi sözlər deyil. Hər bir fikrin mahiyyətində Ermənistan hökumətinin bugünki acınacaqlı durumunu, iç üzünü çox rahatlıqla görmək mümkündür. Müharibə aparan bir ölkənin düşə biləcəyi ən acı vəziyyət isə əlində silah tutan, postda dayanan hərbçisinin öz dövlətinə inanmamasıdır. Bu hərbi qulluqçu həm də bir xalqın gəncidir, bir dövlətin gələcəyini qura biləcək, idarə edəcək vətəndaşıdır. Məncə, əlavə şərhə ehtiyac qalmır. Ermənistanın fiaskoya uğradığı, istər hərbi, istərsə də, informasiya müharibəsində uduzduğu gün kimi ortadadır. Düşdüyü faciəvi vəziyyətini anlaması və bu situasiyadan xilas olması üçün ermənilər işğalçı, cinayətkar mövqelərini anlayıb geri çəkilməlidirlər. Çökmüş iqtisadiyyatı olan bir ölkənin müharibədə qələbəyə iddialı imitasiya etməsi sadəcə, gülüncdür. Vətəndaşlarının ölkəni tərk etdiyi, qalan insanlarının isə aclıq, səfalət içərisindəki durumuyla Ermənistanın Azərbaycana qarşı iddialarını hələ də sürdürməsi bataqlıqda saman çöpü axtaracaq qədər ağılsızlqdan başqa bir şey deyil.

Novruz bayramı günlərində səngərdə Vətənini qoruyan Azərbaycan əsgəri ilə bayram süfrəsi arxasında oturan müdafiə naziri Zakir Həsənovun mövqeyi də diqqət yetirilməli vacib məqamlardandır. Düşmənin artıq təlaş içində olduğunu söyləyən nazir aldığı zərbələrdən onların qorxub qaçdığını bildirdi:

"Cəbhədə xidmət etmək istəmirlər, səngərləri ataraq qaçırlar. Onlar mülki adamları postlara yerləşdirmək məcburiyyətindədirlər. Biz gərək işğalçıları öz torpaqlarımızdan qovaq. Biz buna qadirik və bunu edəcəyik. Mən açıq bəyan edirəm ki, biz elə ilk zərbədən onların 70 faizini məhv edəcəyik. Bizim o qədər silah və texnikamız var ki, ermənilərə zərbə endirsək onlar yüz illərlə özlərinə gələ bilməyəcəklər".

Zakir Həsənovun bu mövqeyi şübhəsiz ki, Azərbaycan ordusunun psixoloji üstünlüyünə yeni rəng qatdı. Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə verdiyi açıqlamada müharibə qorxusundan danışması isə proseslərin Azərbaycanın xeyrinə dəyişdiyini bir daha göstərdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti