Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Elçin Mehdiyev/
Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə edən Azərbaycan nümayəndə heyəti seçki prosesində qanun pozuntuları müşahidə etməyib. Bu barədə Trend-ə nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Abbasov deyib.
O qeyd edib ki, hazırda nümayəndə heyəti seçki məntəqələrindədir: "Hazırda biz Daşkənd şəhərində seçki məntəqələrindəyik, davamlı olaraq seçkiləri izləyirik. Tam səmimiyyətlə deyə bilərəm ki, seçkilər çox yüksək səviyyədə, qanunvericiliyə uyğun olaraq təşkil edilib".
A.Abbasovun sözlərinə görə, yerli vaxtla saat 11:30-a olan məlumata görə, seçicilərin aktivliyi təxminən 50 faiz təşkil edib: "Həm gənclər, həm də yaşlı nəsil seçki məntəqələrinə gələrək sərbəst şəkildə öz fikirlərini bildirirlər. İndiyə qədər elə bir ciddi qanun pozuntusu müşahidə etməmişik".