Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Anaxanım Hidayətova/
Bakıda keçiriləcək I Avropa Oyunlarına texniki hazırlıq olduqca möhtəşəmdir, yeni tikilən stadion isə yüksək keyfiyyətlidir və Azərbaycan üçün əhəmiyyətli mirasdır. Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq deyib.
O, qeyd edib: "Mən Oyunların keçiriləcəyi bəzi yerlərdə oldum və yüksək təşkilati işlər və hazırlıqdan heyrətləndim. Azərbaycan 2012-ci il London Olimpiya Oyunlarına hazırlıq zamanı işləyənlər də daxil olmaqla, xeyli sayda beynəlxalq ekspert dəvət edib. Əminəm ki, təşkilati işlər baxımından Bakıdakı Avropa Oyunları böyük uğur qazanacaq".
Səfir bildirib ki, Bakıdakı Oyunlarda Böyük Britaniyadan təqribən 165 idmançı iştirak edəcək: "Bundan başqa, xeyli sayda rəsmi şəxs, eləcə də iştirakçıların ailə üzvləri gələcəklər. Britaniya Oyunlarda yaxşı təmsil olunacaq və ümid edirəm ki, ölkə qızıl medallar qazanacaq".