...

Novruz Məmmədov: Azərbaycan ən mürəkkəb şəraitdə öz sabitliyini, təhlükəsizliyini təmin edir

Siyasət Materials 27 May 2015 15:35 (UTC +04:00)
“SSRİ dağılandan sonra formalaşan ölkələrdən biri Azərbaycandır ki, ən mürəkkəb şəraitdə öz sabitliyini, təhlükəsizliyini, inkişafını təmin edir və bundan sonra da təmin edəcək”.
Novruz Məmmədov: Azərbaycan ən mürəkkəb şəraitdə öz sabitliyini, təhlükəsizliyini təmin edir

Azərbaycan, Bakı, 27 may /Trend/

"SSRİ dağılandan sonra formalaşan ölkələrdən biri Azərbaycandır ki, ən mürəkkəb şəraitdə öz sabitliyini, təhlükəsizliyini, inkişafını təmin edir və bundan sonra da təmin edəcək".

Bu barədə "Azernews" qəzetinə və Trend-ə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycan xarici siyasət kursunu düzgün qurub: "Biz bütün dövlətlərlə münasibətlərimizi elə qurur, danışıqları elə aparırıq ki, onlar bizi başa düşürlər. Biz düzgün yoldayıq, düzgün xarici siyasət taktikası və strategiyası seçmişik, bunu istəməsələr də başa düşürlər ki, bununla razılaşmalıdırlar".

PA rəsmisi bildirib ki, Azərbaycan bu gün nümunəvi bir dövlətə çevrilib və dünyada gedən proseslərin, beynəlxalq münasibətlərin fövqündə dayanaraq, kiçik dövlət olsa da, dünyanın bütün dövlətlərinə belə güclü bir mesaj göndərir: "Gəlin elə əməkdaşlıq münasibətləri, elə əlaqələr quraq ki, bu, hamının inkişafına kömək etsin, təkan versin".

N.Məmmədov vurğulayıb ki, Azərbaycan məhz bu prinsiplər üzərində öz fəaliyyətini qurub və bu istiqamətdə də işlərini davam etdirir: "Azərbaycan bütün dünyanın vektorları ilə münasibətlərində bu mövqeni ortaya qoyur".

N.Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərə də toxunub: "Bu yaxınlarda bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın bir sahəsi üzrə "Şərq Tərəfdaşlığı" sammiti keçirildi. Orada Avropanın 28 dövlətinin rəhbərləri, eyni zamanda, "Şərq Tərəfdaşlığı" ölkələrinin nümayəndə heyətləri, bəzilərinin rəhbərləri yığışmışdı. Birgə bəyannamənin qəbul olunması zamanı Azərbaycan birmənalı qeyd etdi ki, bu məsələdə də əgər ədalətli mövqe tutulmasa, bu əməkdaşlıq münasibətlərinə düzgün qiymət verilməsə, hansısa dövlətə bir cür, başqasına başqa cür baxılarsa, onda düzgün nəticələrə gəlib çıxmaq olmaz. Belə bir məsələ var idi. Ona görə də biz orada öz mövqeyimizi açıq, konkret ortaya qoyaraq bildirdik ki, belə olması lazımdır. Bununla bağlı bizim xüsusi mövqeyimiz və açıqlamamız oldu".

O, hesab edir ki, bunu Avropa tərəfi, yəni Avropa İttifaqı qəbul edəcək: "Bu, bütün başqa dövlətlərlə də əməkdaşlığımızda mühüm faktor kimi özünü mütləq göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti