...

Möhsün Pakayin: Astara və Biləsuvar buraxılış məntəqələrində viza tətbiqi ilə bağlı danışıqlar aparılır

Siyasət Materials 14 İyun 2015 16:38 (UTC +04:00)
"Azərbaycanla İran Astara və Biləsuvar sərhəd-buraxılış məntəqələrində viza rejiminin tətbiqi ilə bağlı danışıqlar aparır və bunun tətbiqi üçün lazımi göstəriş də verilib".
Möhsün Pakayin: Astara və Biləsuvar buraxılış məntəqələrində viza tətbiqi ilə bağlı danışıqlar aparılır

İran, Tehran, 14 iyun /Trend, müxbir Təmkin Cəfərov/

"Azərbaycanla İran Astara və Biləsuvar sərhəd-buraxılış məntəqələrində viza rejiminin tətbiqi ilə bağlı danışıqlar aparır və bunun tətbiqi üçün lazımi göstəriş də verilib". Bunu bu gün Tehranda keçirilən "Azərbaycan, Türkmənistan və İraq ilə praktiki ticarət" adlı konfrans çərçivəsində Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, hazırda İran vətəndaşları üçün viza Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində tətbiq edilir: "Ümid edirik ki, yaxın gələcəkdə İran vətəndaşları Biləsuvar və Astara sərhəd-buraxılış məntəqələrində də viza almaqla Azərbaycana səfər edə biləcəklər".

O, qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı rəsmi səfərləri əlaqələrin inkişafında böyük rol oynayıb: "İki ölkə arasında ticarət dövriyyəsinin artması Astara və Biləsuvar gömrük-keçid məntəqələrinin iş rejimlərinin 24 saata keçirilməsi zərurətini yaradıb. Hazırda hər iki dövlətin müvafiq qurumları danışıqlar aparır. Yaxın gələcəkdə hər iki gömrük-keçid məntəqəsində iş rejiminin artırılması gözlənilir".

M.Pakayin deyib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollar təşkil edir: "Turizm, neft mübadiləsi və İranın "Şahdəniz" layihəsindəki sərmayəsini də hesablasaq, bu rəqəm 1 milyard dolları keçir. İki ölkə bu rəqəmin 2 milyard dollara çatması üçün çalışır".

Səfir, həmçinin qeyd edib ki, Azərbaycan və İran müştərək bank yaradacaqlar: "Bu bankın bir filialı Tehranda, bir filialı isə Bakıda olacaq. Yaxın gələcəkdə İran Mərkəzi Bankı sədrinin dəvəti ilə Azərbaycan Mərkəzi Bankının sədri Tehrana səfər edəcək və bu məsələ həmin səfər çərçivəsində müzakirə olunacaq".

Diplomat bildirib ki, tərəflər iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirmək üçün gömrük, yükdaşıma rüsumlarının azaldılması məsələsini müzakirə edir: "Azərbaycan İrandan Rusiya və Gürcüstana tranzit yüklərin daşınması üçün 20 min yük maşınına rüsum ödəmədən daşıma həyata keçirməsinə icazə verib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti