...

Müxalifətin "Beynəlxalq qrant mafiyası"nın təsir zolağına düşmək arzusu

Siyasət Materials 16 Oktyabr 2015 22:00 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

ABŞ-ın tanınmış "Arthur J. Finkelstein & Associates" şirkəti noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı sorğu keçirib. Sentyabrın 28-də başlayan sorğu 12 gün davam edib və 108 seçki dairəsini əhatə edib. Qurum oktyabrın 14-də sorğunun nəticələrini elan edib. Məlum olub ki, seçicilərin 74,4 faizi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyir, 14 faizi isə hələ seçimini etməyib.

Ənənəvi "müxalifət liderləri"nin sorğuya münasibəti özünü çox gözlətməyib. Son günlər davamlı olaraq müxtəlif mətbuat orqanlarına açıqlama verən müxalifət təmsilçiləri bəyan ediblər ki, sorğu reallığı əks etdirmir və "Arthur J. Finkelstein & Associates" siyasi sifarişlə belə bir nəticə açıqlayıb. Guya, bu təşkilat öz şəxsi maraqlarını həyata keçirmək üçün sorğunun nəticələrini saxtalaşdırıb.

Belə olduqda ortaya haqlı suallar çıxır: Necə olur ki, "Freedom House", "Sərhədsiz Reportyorlar", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar Azərbaycanın əleyhinə saxta hesabatlar yayanda bu, şəffaf olur, "Arthur J. Finkelstein & Associates" sorğu keçirəndə qərəzli?!

Bir də ki, heç olmasa, saxtakarlıqdan siz danışmayın.

Azərbaycan iqtidarına "demokratiya dərsi" keçmək iddiasında olan bəlli insanların təmsil olunduğu partiyalarda cərəyan edən hadisələr onu bir daha sübut etdi ki, ənənəvi müxalifətdə çox böyük diktatura rejimi hökm sürməkdədir.

Əgər belə olmasaydı, Müsavat sədrliyinə (İsa Qəmbərin partiyaya faktiki təsirləri fonunda əgər bu şəxsə rəhbər demək mümkündürsə) keçirilən seçkilərdə qurultay nümayəndələrinin az qala yarısının səsini qazanan namizədi niyə partiyadan azad edirdilər? Bəlkə Əli Kərimli partiyanın son qurultayında "AXCP sədrliyinə namizəd Sahib Kərimli öz namizədliyini mənim xeyrimə geri götürdü" deyərkən, onu nəyə görə seçki marafonundan kənarda saxladığına aydınlıq gətirsin? Axı elə səhəri gün Sahib Kərimli bəyan etdi ki, şəxsən AXCP sədrinin göstərişi ilə onu namizədliyini geri götürməyə təhrik ediblər.

Göründüyü kimi, uduzacağını bəri başdan bildiyi üçün ənənəvi "müxalifət liderləri" seçkilərə kölgə salmağa, ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmağa çalışırlar. Başa düşürlər ki, cəmiyyətin büsbütün etimadını itiriblər və uzun illər onlara qulluq edən, müxalifətdə "pensiyaya çıxarmaq" istədikləri azsaylı insanlar da artıq onların saxta, şirnikləndirici vədlərinə inanmırlar. Bu bir gerçəklikdir və bu həqiqəti radikal düşərgədə təmsil olunan və etimad limiti tükənmiş müxalifət başbilənləri çox yaxşı bilirlər. Məhz elə buna görə də siyasi riyakarlığa yol verir, təxribatçı meylləri işə salıb gündəmə gəlməyə və bu yolla şəxsi sərvətlərini artırmağa, "beynəlxalq qrant mafiyası"nın təsir zolağına düşməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti