...

Milli Məclisə seçkilər – xalqın iradəsinin qələbəsidir

Siyasət Materials 1 Noyabr 2015 21:29 (UTC +04:00)
Uzunmüddətli hazırlıqla müşayiət olunan, qarşıdan gələn beş il müddətində hər bir Azərbaycan vətəndaşının taleyində öz izini qoyacaq mühüm bir hadisə – 1 noyabr Azərbaycanda Milli Məclisə seçkilər artıq geridə qaldı.
Milli Məclisə seçkilər – xalqın iradəsinin qələbəsidir

Arzu Nağıyev - Trend-in baş direktorunun müavini, siyasi ekspert

Uzunmüddətli hazırlıqla müşayiət olunan, qarşıdan gələn beş il müddətində hər bir Azərbaycan vətəndaşının taleyində öz izini qoyacaq mühüm bir hadisə - 1 noyabr Azərbaycanda Milli Məclisə seçkilər artıq geridə qaldı.

Seçkidən öncə Azərbaycanı, hakimiyyət və xalqın birliyini həzm edə bilməyən bir sıra Qərb dövlətlərinin nümayəndələri, beynəlxalq təşkilatlar və "siyasi şərhçilər"in iddia dolu ehtimalları özünü doğrultmadı.

İstər daxildə, istərsə də xaricdə Azərbaycanda gedən demokratik prosesləri ləkələmək istəyənlərin səylərinə baxmayaraq, Milli Məclisə seçkilər 767 namizədin iştirakı ilə baş tutdu. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izlədi. Təsəvvür edin ki, seçkiyə bir neçə gün qalmış özlərini siyasi arenadan silənlər də tapıldı, cinayət işləri sona çatan və çatmayan bir sıra şəxsləri "siyasi dustaq" adlandırmaqla, bəzi müxalif qüvvələr seçkidən imtina etdilər.

Paradoksal və gözlənilən bir hal idi ki, dünənə kimi seçkilərdə iştirak etməyə səy göstərənlər ABŞ-da keçirilən dinləmələrdən sonra bu missiyadan geri çəkildilər. Səbəb isə xarici havadarlarının diqtəsi ilə işləmək idi. Bir müddət əvvəl müşahidəçilik missiyasından imtina edənlər və "kağız parça"sına çevriləcək absurd qərarlarla çıxış edənlər, məyus olan Kramerlər də seçkiləri izlədilər.

Azərbaycan hakimiyyətinə diqtə yolu ilə bir sıra dəyişiklikləri, hətta seçkini 4 ay sonraya təyin olunmasını tələb edənlərin də istəkləri özlərinə qaldı. Onlar bir daha anladılar ki, Azərbaycanın əsas məqsədi normal fəaliyyətli Milli Məclisinin formalaşmasıdır. Çünki xalq bu parlamentdən Azərbaycanın gələcəyi və taleyüklü problemlərinin həlli ilə bağlı yeni qanun və qərarlar gözləyir. Belə də olacaq, ona görə də seçkilər xalqın iradəsinə uyğun şəlkildə sona çatdı.

Qeyd etmək lazımdır ki, seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates Inc." təşkilatı ilə birgə "exit poll" keçirdi.

Bundan başqa, seçkiləri müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdı və bu texnoloyi proses də öz bəhrəsini verdi.

Bütün bunlar artıq seçkilərin demokratik şəkildə necə uğurla keçdiyini bir daha göstərdi və seçkinin nəticələrini bu gün seçki prosesini izləyənlərlə bərabər artıq dünya birliyi də təsdiqləyir.

Qarşıda isə bizi xalqın iradəsinin qələbəsinin elan edilməsi kimi bir məram gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti