Bakı.Trend:
"İlk növbədə, biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olub".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır:
"Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi.
Ona görə indiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Qeyd etməliyəm ki, pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür".
Prezident vurğulayıb ki, bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir: "İndiki şəraitdə bu, nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir. İnsanların sosial müdafiəsi ilə bağlı olan əlavə tədbirlər də görülməlidir".