...

Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim olunub (FOTO)

Siyasət Materials 20 May 2016 11:43 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.
Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim olunub (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.

Trend AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva Dövlət Humanitar İqtisad Universitetinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə tələbələrlə görüşdü. Sonra ali təhsil ocağının qonaqlarına universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov bildirdi ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün bütün şərait yaradılıb. Rektor dedi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 9 il əvvəl universitetin qonağı olub, təhsil ocağının müəllim-tələbə heyəti ilə görüşüb. Universitetin 20 illiyində Leyla Əliyevanın təşəbbüsü ilə ali təhsil ocağının kompyuter otağı müasir texnologiya ilə təchiz edilib, linqvistika otağına yeni avadanlıqlar hədiyyə olunub. Diqqətə çatdırıldı ki, universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridir.

Universitetin rektoru Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Leyla Əliyevanın Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına və diplomuna layiq görüldüyünü bildirdi.

Bu fəxri ad Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin, mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə ötən il noyabrın 4-də Moskvada Böyük Kreml Sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidenti "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə", "Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə" medallarına, habelə III dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa" ordeninə də layiq görülüb.

Rektor Vaqif Bayramov universitetin fəxri doktoru diplomunu və mantiyanı Leyla Əliyevaya təqdim etdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA bu yüksək etimada görə təşəkkürünü bildirərək dedi:

-Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli və dəyərli əsərdir. İnanıram ki, həyatda heç nə təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır.

Bu ali məktəbin bütün müəllimlərinə ayrıca təşəkkür etmək istəyirəm, çünki siz bu işə can qoyursunuz, adi insanlarla müqayisədə siz həyata daha böyük dəyər verirsiniz. Hər şeydə gözəlliyi görmək bacarığınıza görə sağ olun. Bu gün biz videoda sizin qələbələrinizi gördük, onlar çox böyük qürur və heyranlıq hissinə layiqdir.

Heydər Əliyev Fondu öz fəal işini davam etdirir - bu, incəsənətə də, xeyriyyəçiliyə də, ekologiyaya da aiddir. Hazırda biz ekologiyaya xeyli vaxt həsr edirik, çünki həyatdan qiymətli, hətta bir yarpağın, bir böcəyin həyatından da qiymətli heç nə yoxdur. Nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsi üzrə böyük layihələrimiz var. Bilirəm ki, Rusiyada da bu sahədə çox iş görülür. Sizə təbiət qoynunda daha çox vaxt keçirməyinizi, həyatı qiymətləndirməyinizi, möcüzəyə inanmağınızı arzulamaq və sözlərimi bununla tamamlamaq istəyirəm ki, biz Bakıda da belə bir filial açmağı çox arzu edirik.

Leyla Əliyevaya universitet adından hədiyyələr təqdim olundu.

Heydər Əliyev Fondunun vitse-prezidenti tələbələrin suallarını cavablandırdı.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Arif Babayev Rusiya-Azərbaycan əlaqələrindən danışdı, bu əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirdi. O, Leyla Əliyevanın bu yaxınlarda Moskvada işıq üzü görmüş şeirlər toplusuna oxucular tərəfindən böyük marağın olduğunu diqqətə çatdırdı.

Daha sonra universitetin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olundu.

Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti