...

Vüqar Rəhimzadə: Tarif Şurasının qərarı sosial-iqtisadi islahatların tərkib hissəsidir

Siyasət Materials 29 Noyabr 2016 20:58 (UTC +04:00)
Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır.
Vüqar Rəhimzadə: Tarif Şurasının qərarı sosial-iqtisadi islahatların tərkib hissəsidir

Bakı. Trend:

“Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsasında insan amili dayanır. Qəbul olunan qanunlar, həyata keçirilən islahatlar, görülən tədbirlər məhz ölkə vətəndaşları üçün daha rahat və yüksək səviyyəli həyat şəraitinin təmin edilməsi üçündür".

Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Tarif Şurasının tarif tənzimlənməsi barədə qərarına münasibət bildirərkən deyib.

V.Rəhimzadə bildirib: "Təsadüfi deyil ki, dövlət büdcəsinin qəbulu zamanı bir sıra sahələrdə qənaət rejimi tətbiq edilsə də, sosial layihələrin icrasının davam etdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev də daim çıxışlarında vurğulayır ki, bütün çətinliklərə baxmayaraq sosial layihələrin həyata keçirilməsi davam etdirilməlidir.”

V.Rəhimzadənin sözlərinə görə, Tarif Şurasının qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab edilib: “Rəsmi rəqəmlərə görə, bu gün ölkədə əhali kateqoriyasına aid abonentlərin 62 faizinin illik təbii qaz istehlakının həcmi 1500 kubmetrdən yuxarı deyil. Bu da o deməkdir ki, həmin abonentlərin, eləcə də bu kateqoriyaya aid aztəminatlı ailələrin “mavi yanacaq” üzrə ödənişlərində heç bir artım olmayacaq. Bununla yanaşı, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğuna görə artım bu kateqoriyaya aid ailələrə təsir etməyəcək. Göründüyü kimi, Tarif Şurası sözügedən qərarın qəbulunda ən incə məqamları nəzərə alıb ki, sadə vətəndaşların maraqlarının müdafiəsi prinsipi qorunsun.”

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, bu gün dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda elektrik enerjisi və təbii qazın satış qiyməti dəfələrlə aşağıdır: “Bununla bağlı kifayət qədər misal göstərmək olar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, uzun illərdir ki, ölkəmizdə sosial xidmətlərə görə tariflərdə böyük artımlar baş verməyib. Dövlətin sosial xidmətlərlə bağlı tarif siyasəti vətəndaşların və dövlətin maraqlarının müdafiəsi üzərində qurulub. Bu mənada hesab edirəm ki, Tarif Şurasının mövcud qərarı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir və narahatlığa heç bir əsas yaratmır.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti