Bakı. Maksim Tsurkov - Trend:
Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədinin (UNAPF) icrası üçün üç işçi qrupu yaradıblar.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildən BMT ilə çox sıx əməkdaşlıq edir və bir sıra proqramlarda iştirak edib.
"UNAPF sənədi Azərbaycanın milli inkişaf konsepsiyasına daxil edilib və ölkə iqtisadiyyatının müxtəlif sahələri üzrə strateji yol xəritələrində qeyd edilən prinsiplərə uyğundur. Bu sənədin reallaşdırılması üçün Azərbaycan hökuməti və BMT nümayəndələrindən ibarət üç işçi qrupu yaradılıb: iqtisadiyyatın şaxələndirilməsi; səmərəli sosial xidmətlərin göstərilməsi sahəsində institusional potensialın gücləndirilməsi və ətraf mühitin mühafizəsi sahəsində risklərin azaldılması üzrə. Artıq bu qruplara müvafiq tapşırıqlar verilib və qısa müddətdə layihə çərçivəsində fəaliyyət planı razılaşdırılacaq və hökumət tərəfindən təsdiq ediləcək. Bundan sonra sənədin bilavasitə icrasına başlanacaq".