...

Avropa Komissiyası: Aİ Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir

Siyasət Materials 30 Yanvar 2017 15:51 (UTC +04:00)
Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa Komissiyası: Aİ Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan ilə strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

Baş direktor K.Danielson Avropa İttifaqının Azərbaycan ilə dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.

Görüşdə həmçinin Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti