...

ATƏT-in Azərbaycandakı nümayəndəliyi: Lapşin işinin ATƏT-lə əlaqəsi yoxdur

Siyasət Materials 10 Mart 2017 12:00 (UTC +04:00)
Bloqer Aleksandr Lapşinin işi ATƏT çərçivəsində müzakirə olunacaq məsələ deyil
ATƏT-in Azərbaycandakı nümayəndəliyi: Lapşin işinin ATƏT-lə əlaqəsi yoxdur

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bloqer Aleksandr Lapşinin işi ATƏT çərçivəsində müzakirə olunacaq məsələ deyil.

Trend-in məlumatına görə, bu barədə ATƏT-in Azərbaycandakı daimi nümayəndəliyinin qurumun Daimi Şurasında təqdim olunmuş bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu cinayət işi Azərbaycanla Belarus arasında ikitərəfli əsasda həyata keçirilib:

“Aleksandr Lapşin bir neçə dövlətin vətəndaşıdır və bu dövlətlər üçüncü tərəf qismində hüquqi prosedurları izləyir. Ermənistanın isə bu hüquqi məsələ ilə heç bir əlaqəsi yoxdur. Lapşinlə bağlı iş bir daha onu göstərdi ki, Ermənistan xarici vətəndaşları yalan yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə cəlb edir, sonra isə bunu özünün siyasi təbliğat alətinə çevirməyə çalışır”.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus "http//puerrtto.livejournal.com" səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Bundan əvvəl Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən A.Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər davam etdirilir. A.Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub. A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti