...

Azərbaycan vazkeçilməz tərəfdaşdır – Artıq Avropa da bunu anlayır

Siyasət Materials 15 Mart 2017 22:07 (UTC +04:00)
Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, ötən ay yeni Avropa İttifaqı - Azərbaycan sazişi ilə bağlı danışıqlara start verilib.
Azərbaycan vazkeçilməz tərəfdaşdır – Artıq Avropa da bunu anlayır

Bəxtiyar Hacıyev – Trend:

Son dövrlərdə Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, ötən ay yeni Avropa İttifaqı - Azərbaycan sazişi ilə bağlı danışıqlara start verilib. Təbii ki, güclü siyasi əlaqələr digər sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafına müsbət təsir edəcək.

Prezident İlham Əliyevin son iki ayda qarşı tərəflərin dəvəti ilə Belçika və Fransaya baş tutan səfərləri, bu səfərlər zamanı bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığın müzakirəsi, bir sıra məsələlər üzrə razılıq əldə olunması Aİ-nin Azərbaycana önəm verdiyini, ölkəmizi mühüm tərəfdaş kimi qəbul etdiyini göstərir.

Sirr deyil ki, nəhəng qaz ehtiyatları ilə Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyi olan Azərbaycan qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycanın təşəbbüsü ilə icra edilən, enerji şaxələndirilməsi layihəsi olan "Cənub Qaz Dəhlizi" hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Həmçinin, Azərbaycan Asiyanı Avropa ilə birləşdirəcək və Avropadan Asiyaya və geriyə malların daşınması vaxtını iki dəfə qısaldacaq yeni marşrutun – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsinə böyük sərmayələr yatırır.

Hələ fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışında bildirmişdi ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Donald Tusk Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini, Aİ-nin enerji sahəsində etibarlı və strateji tərəfdaşlığa əsaslanaraq işbirliyini daha da artırmaq istədiyini, "Cənub Qaz Dəhlizi"ni tamamlamaq üçün ortaq öhdəliyi olduğunu, eləcə də ticarət əlaqələrini daha da genişləndirmək niyyətində olduğunu qeyd etmişdi.

Aİ Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Donald Tusk qeyd edib ki, münaqişədə mövcud status-kvo bu cür davamlı qala bilməz: "Münaqişənin hərbi yolla həlli yoxdur və beynəlxalq hüquqa əsasən siyasi qaydada nizamlanmalıdır. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir".

Fransa Prezidenti Fransua Olland isə Parisdə Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxışında mövcud status-kvonun qəbuledilməz olduğunu və Fransanın danışıqların yenidən bərpa olunmasını arzuladığını vurğuladı: "Minsk qrupunun həmsədri kimi istəyirik ki, digər həmsədrlər - ABŞ və Rusiya da bu prosesə töhfə versin. Düşünürük ki, parametrlər bəllidir və uzun müddətdir davam edən bu münaqişənin həlli yolunu tapmaq mümkündür".

Fransua Olland bir qədər də irəli gedərək bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb: "Danışıqlar artıq 23 ildir ki, davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyiblər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb".

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədr ölkəsi olan, eyni zamanda Ermənistana təsir etmək imkanları olan Fransanın dövlət başçısının belə bəyanat səsləndirməsi yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqlarda müəyyən irəliləyişlərin ola biləcəyini istisna etmir.

Bundan başqa, Azərbaycanın strateji əhəmiyyətini yaxşı anlayan Fransua Olland vurğuladı ki, Fransa Azərbaycan üçün hər zaman mübadilələri, xüsusilə də insan hüquqları sahəsində mübadilələri artırmaq, regionda təhlükəsiz və sabit bir gələcəyin olması naminə birgə işləmək istəyən açıq və səmimi bir tərəfdaş olaraq qalacaq.

Şübhəsiz ki, dövlətimizin başçısının bu mühüm səfərləri Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq.

Artıq Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bununla yanaşı, ölkəmiz dinlər, mədəniyyətlər arasında coğrafi və mədəni körpü rolunu oynayır. Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Təbii ki, bütün bunları dünya, o cümlədən Avropa da görür və Azərbaycan kimi tərəfdaşı itirmək istəmir.

Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələrlə əməkdaşlığa açıq ölkədir, buna hazırdır və etibarlı tərəfdaşdır.

Prezident İlham Əliyev, öz növbəsində, Parisdə bəyan etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır: "Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir, eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur".

Dövlətimizin başçısının məhz Minsk qrupunun həmsədr ölkəsi olan Fransada Azərbaycanın haqlı mövqeyini, haqq səsini bir daha dünyaya çatdırması isə xüsusilə əhəmiyyətli idi: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Status-kvo qəbuledilməzdir. Fransa da digər həmsədrlər kimi, bu barədə dəfələrlə bəyanatlar verib. Təəssüflər olsun ki, Ermənistan buna məhəl qoymur və öz işğalçı siyasətindən əl çəkmir. Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti