...

Prezident İlham Əliyev: Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur

Siyasət Materials 10 May 2017 10:14 (UTC +04:00)
Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.
Prezident İlham Əliyev: Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur

Bakı. Trend:

Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc edilən “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqaləsində deyilir.

Məqalədə qeyd olunur: "Etiraf etməliyik ki, bu gün İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd etmək olar. Məlumdur ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. İndiki Ermənistan dövləti də məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdır. Bu təcavüzkar siyasəti davam etdirən Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilmişdir".

Dövlət başçısı vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən dörd qətnamə qəbul edib:

"Bu kimi sənədlər ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul olunmuşdur. İƏT Azərbaycanın ərazi bütövlüyü və haqlı mövqeyini dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı praktiki addımlar atmağa səsləyən çoxsaylı qətnamələr qəbul etmiş, məsələ təşkilatın Xarici İşlər Nazirləri Şurasında dəfələrlə müzakirə olunmuş, həmçinin 2016-cı ilin sentyabrında İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupu təsis edilmiş və onun ilk iclası keçirilmişdir. Hesab edirəm ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə İslam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Onu da bildirmək istərdim ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır. Hazırda 5 müsəlman dövləti Xocalı soyqırımını rəsmən tanımışdır. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti