...

İƏT Gənclər Forumu ermənilərin son təxribatını qətiyyətlə pisləyən bəyanat yayıb

Siyasət Materials 6 İyul 2017 15:03 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu erməni silahlı birləşmələrinin atəşi nəticəsində dinc Azərbaycan sakinlərinin həlak olması ilə bağlı bəyanat qəbul edib.
İƏT Gənclər Forumu ermənilərin son təxribatını qətiyyətlə pisləyən bəyanat yayıb

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İdarə Heyəti, iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonu Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olması ilə bağlı baş vermiş insidenti qətiyyətlə pisləyən bəyanat qəbul edib.

Bu barədə Trend-ə Forumdan məlumat verilib.

İƏT Gənclər Forumunun sədri Elşad İskəndərov bu hadisəni Ermənistanın son 25 ildən artıq müddətdə Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlı dinc sakinlərə qarşı düşünülmüş soyqırımı siyasətinin, o cümlədən Xocalı soyqırımı kimi hərbi cinayətlərinin davamı kimi qiymətləndirib.

O, bildirib ki, 10-11 iyul tarixlərində keçirilməsi nəzərdə tutulan İƏT XİN başçıları toplantısının 44-cü Sessiyasında üzv ölkələrin XİN rəhbərlərinin və digər rəsmi nümayəndə heyəti üzvlərinin baş vermiş insident və bundan əvvəlki oxşar hallarla bağlı daha geniş məlumatlandırılması məqsədilə İƏT Gənclər Forumu tərəfindən xüsusi informasiya paketləri hazırlanır və bu paketlər sessiya vaxtı İƏT-ə üzv 56 ölkənin XİN nümayəndələri və digər təmsilçilərinə paylanacaq.

Eyni zamanda, İƏT Gənclər Forumu Ermənistan tərəfindən dinc sakinlərə qarşı həyata keçirilmiş bu cinayət aktına qiymət verilməsi ilə bağlı qeyd edilən İƏT XİN sessiyası zamanı məsələnin qaldırılması və münasibət göstərilməsinə nail olmaq məqsədilə bütün imkanlardan istifadə edəcək.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti