...

Moqerini: Vətəndaş cəmiyyəti təşkilatları "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların ən yaxşı sponsorlarıdır

Siyasət Materials 25 Oktyabr 2017 10:28 (UTC +04:00)
Tallində "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.
Moqerini: Vətəndaş cəmiyyəti təşkilatları "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların ən yaxşı sponsorlarıdır

Bakı. Trend:

Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində oktyabrın 25-dən 27-dək Tallində "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyindən Trend-ə verilən məlumata görə, “İnsanlar üçün təsirli nəticələr: Şərq Tərəfdaşlığı 2020-ci ildə və ondan sonra” adlı üç günlük tədbir zamanı əsas diqqət "Şərq Tərəfdaşlığı" siyasətinin gələcəyinə və vətəndaş cəmiyyətinin bu ölkələrdə daha yaxşı idarəçiliyə töhfəsinə veriləcək.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini deyib: “Vətəndaş cəmiyyəti təşkilatları "Şərq Tərəfdaşlığı" ölkələrində zəruri islahatların ən yaxşı sponsorları və müşahidəçiləridir. Onlar korrupsiyaya qarşı və şəffaflıq üçün ucalan səs və qadınlara qarşı zorakılıqla mübarizədən tutmuş, media mühitinin yaxşılaşdırılmasına kimi bir çox məsələlərdə gündəlik işimizin əsas qüvvəsidir. Biz tərəfdaşıq və ümümi məqsədlərimizə çatmağımız, eləcə də Şərq Tərəfdaşlığının faydalı olması üçün bir-birimizə ehtiyacımız var”.

Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han bunları vurğulayıb: “Biz vətəndaş cəmiyyətinə artan dəstəyimizdə sosial innovasiya meyillərinə riayət etmək vədimizi yerinə yetiririk. Vətəndaş cəmiyyətinin əsas subyektləri ilə tərəfdaşlıq, güclü rəhbərlik və vətəndaş cəmiyyəti təşkilatlarının idarəçilik rolunu artırmaq üçün daha səmərəli alətlər yenilənmiş siyasətimizin tərkib hissəsidir. Tərəfdaş hökumətlərlə birlikdə "Şərq Tərəfdaşlığı" ölkələrinin vətəndaş cəmiyyəti bizi vətəndaşlara, onların həyatına daha çox dəyişikliklər gətirə biləcəyimiz sahələrdə daha yaxın edəcək”.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Əlaqələndirici Komitəsinin həmsədri Hennadi Maksak deyib: “Vətəndaş cəmiyyəti ümümi dəyərlər, qanunun aliliyi, eləcə də demokratik prinsiplər və ictimai hesabatlılığa hörmət əsasında "Şərq Tərəfdaşlığı" ölkələrinin Avropa yönümlü gələcəyinə inanır. Vətəndaş cəmiyyətinin islahatların həyata keçirilməsində iştirak etməsi üçün əlverişli mühitin yaradılması çox önəmlidir”.

Bu konfrans daha yaxşı idarəçilik, hökumətlə vətəndaş cəmiyyəti arasında dialoq, hökumətdə şəffaflığın təşviqi üçün texnologiyanın istifadəsi və iqtisadi inkişaf üçün inklüziv yanaşmaları müzakirə etmək üçün bir platforma olacaq. Müzakirələr zamanı dezinformasiyaya qarşı mübarizədə və medianın səriştəsinin artırılmasında vətəndaş cəmiyyətinin rolu da diqqət mərkəzində olacaq.

İştirakçılar demokratik inkişafa əsas maneələri müəyyənləşdirən və onları aradan qaldırmaq üçün hökumətlər və vətəndaş cəmiyyəti təşkilatlarının bir yerdə hansı işləri görə biləcəklərinə dair tövsiyələr verən Vətəndaş Cəmiyyəti Bəyannaməsini qəbul edəcək.

Avropa İttifaqının vətəndaş cəmiyyətinə dəstəyi "Şərq Tərəfdaşlığı" ölkələrində ictimai hesabatlılıq və insan hüquqlarına hörmətin artması, eləcə də yerli inkişaf üçün vacib rol oynayıb. Bu ölkələrdə vətəndaş cəmiyyəti ilə hökumətlər arasında yaxın əməkdaşlığı təşviq etmək üçün Aİ 2014-cü ildən 2016-cı ilə kimi 600-dan çox təşkilatı əhatə edən 260-dan çox yeni layihə maliyyələşdirib.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Konfransı iki ildən bir Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində keçirilir. Builki sammit noyabrın 24-də Brüsseldə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti