Bakı. Elçin Mehdiyev – Trend:
Hər kəsə bəllidir ki, AXCP və "Milli Şura"nın məqsədi antiazərbaycan mövqeyində dayanmaq və xaricdən aldıqları maliyyə hesabına daxildəki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycan haqqında ayrı-ayrı beynəlxalq təşkilatlara və s. yalan məlumat ötürməkdir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycanı sevməyən qüvvələr öz məqsədlərini AXCP və "Milli Şura" vasitəsilə həyata keçirməyə çalışırlar:
“Biz dəfələrlə demişdik ki, Azərbaycanda ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı, uğurlu xarici və daxili siyasəti istəməyən xarici qüvvələr ölkəmizdə təxribatlar törətmək və ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər və bunu da müxtəlif şəxslər vasitəsilə maliyyə vəsaitinin ötürülməsi ilə həyata keçirməyə çalışırlar. Burada da xüsusi rol oynayan AXCP və "Milli Şura" adlandırılan dərnəkdir, hansı ki, tərəfdaşları da buranı tərk edib və bir qrupun monopoliyasına çevrilib”.
S.Novruzov qeyd edib ki, AXCP və "Milli Şura" ancaq iki məqsədə xidmət edir:
“Bir - erməni lobbisi tərəfindən ayrılan, Azərbaycanı istəməyən ayrı-ayrı qüvvələr tərəfindən verilən maliyyə dəstəyi nəticəsində onların sifarişlərinin həyata keçirilməsi, iki - partiyanın üzvü belə olmayan, siyasətlə məşğul olmayan adamlara saxta yollarla siyasi mühacir adı altında sənəd vermək. Bunların da üstü açılıb, o pul gətirən insanlar da məsuliyyətə cəlb olunub. Azərbaycan hüquq-mühafizə orqanları dəfələrlə bunu ifşa edib, lakin həmin insanlar bu prosesi davam etdirir və bunun da başında Əli Kərimli və "Milli Şura"nın rəhbərliyi dayanır. Milyonlarla pul qazanırlar, lakin bu məsələlər hətta öz yaxın ətraflarından belə gizlədilir və saxta hesabatlar verilir. İstintaq bu məsələ ilə bağlı iş aparır, son qərar istintaqdan asılı olacaq”.