Bakı. Elçin Mehdiyev – Trend:
VI Bakı Beynəlxalq Humanitar Forumu xalqlar arasında dialoqun möhkəmlənməsi və inkişafı üçün yeni ideyalar, fikir mübadiləsi və qarşılıqlı etimadın yaranmasına meydan açır. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu cür tədbirlər keçirməklə Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir:
“Baxmayaraq ki, bu gün Azərbaycan özü erməni işğalından əziyyət çəkir, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var, ölkəmiz nəinki regionda, o cümlədən dünyada sülhün bərqərar olması istiqamətində mühüm işlər görür. Azərbaycan artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirildiyi, vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib”.
A.Hüseynov vurğulayıb ki, Azərbaycan indiyə qədər dinamik inkişafı ilə sivilizasiyalararası dialoqun qurulması üçün qlobal tədbirlərə uğurla ev sahibliyi edir: "Bakıda artıq 6-cı ildir ki, Beynəlxalq Humanitar Forum keçirilir. Hər bir forumda dünyanı düşündürən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində səmərəli müzakirələr aparılır, geniş əhatəli məsələlər müzakirə edilir, çağırışlar olur".
Millət vəkili deyib ki, Bakı Forumuna maraq hər il artır və artıq 6-cı dəfə ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, bu tədbir dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanı kimi tanınır.
Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.