...

Aydın Səfixanlı: Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər, irəli sürülən təkliflər qlobal əhəmiyyət daşıyır

Siyasət Materials 27 Oktyabr 2018 18:07 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün dünyada mövcud humanitar problemlər kontekstində VI Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan məsələlər, irəli sürülən təkliflər yalnız region üçün deyil, qlobal əhəmiyyət daşıyır.

Bunu Trend-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı Prosesi”nin bu il 10 illiyinin qeyd edildiyini deyən A.Səfixanlı bildirib ki, “Bakı Prosesi” çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Dini Liderlərinin Sammiti, habelə Bakı Beynəlxalq Humanitar forumları Azərbaycanı multikulturalizm, sivilizasiyalararası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib:

"Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib. Builki forumda 90-a qədər ölkədən 400-dən çox xarici qonaq, beynəlxalq humanitar hüquq sahəsində tanınmış ekspertlər iştirak ediblər. Bu, özlüyündə onun göstəricisidir ki, dünyada Bakı Forumuna çox böyük maraq var və Forum qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib".

A.Səfixanlı əlavə edib ki, “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir:

"Qeyd etməliyik ki, bu il ilk dəfə olaraq VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Dayanıqlı İnkişafa dair Bakı Forumu da keçirilib və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə implementasiyası və onların icrasının sürətləndirilməsi istiqamətində mühüm müzakirələr aparılıb, yekunda Bakı Prinsipləri qəbul edilib".

Aparat rəhbəri hesab edir ki, ümumilikdə Azərbaycanda keçirilən iki mühüm forum – VI Bakı Beynəlxalq Humanitar Forumu və Dayanıqlı İnkişafa dair Bakı Forumu humanitar problemlərin həlli, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bu istiqamətdə gələcək əməkdaşlıq üçün çox önəmli fəaliyyət prinsiplərinin müəyyən edilməsi baxımından əhəmiyyətli olub:

"Biz fəxr edirik ki, Azərbaycan artıq regional səviyyədə deyil, qlobal miqyasda da təşəbbüslərlə çıxış edərək dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində, tolerant mühitin formalaşdırılmasında, humanitar məsələlərin həllində tətbiq olunacaq siyasəti formalaşdırmaqdadır".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti