...

2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub

Siyasət Materials 27 Dekabr 2018 13:08 (UTC +04:00)
2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub.
2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub

Bakı. Elçin Mehdiyev - Trend:

2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub.

Trend-in məlumatına görə, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, dövlət rəhbəri tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib, o cümlədən Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın Prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutub.

Bildirilir ki, cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. Müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya regionlararası forum və Azərbaycan-İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib, eyni zamanda “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” və xarici işlər nazirləri səviyyəsində baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-İran üçtərəfli toplantılarında fəal iştirak edib.

12 avqust 2018-ci il tarixində Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” və Xəzər dənizində əməkdaşlığı təşviq edən digər saziş və protokollar imzalanıb.

21-22 fevral 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan-Rusiya Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan-Rusiya dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur çayının sahilində Qusar rayonu ərazisində quraşdırılıb.

Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilib. İraqın Bağdad şəhərində uşaq evində saxlanılan, xüsusi qayğıya ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş tutub

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində bir sıra xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Eyni zamanda, 2018-ci ildə Serbiya və Makedoniya tərəfindən bu ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilib.

Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox rəsmi və işgüzar səfərlər baş tutub. Azərbaycanın Baş naziri Fransa və Qazaxıstanda işgüzar səfərdə olub. Öz növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət başçıları, həmçinin Avstriyanın vitse-kansleri və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçirib.

2018-ci ildə Azərbaycanın xarici işlər naziri Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa, Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər edib. Eyni zamanda Türkiyə, İran, Yaponiya, Finlandiya, Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan, Türkmənistan, Kosta Rika, Monqolustanın, Venesuela, Ekvador, Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri Lanka, Koreya Xalq Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin müavini, həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərləri həyata keçirib.

Hesabat ili ərzində Azərbaycanla Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub. 2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın Fəxri konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə yeni Fəxri konsulluğumuz işə başlayıb.

2018-ci ildə əldə olunmuş xarici siyasət nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanıb. Öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin edib ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti