...

Azərbaycan Prezidenti: Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir

Siyasət Materials 30 Aprel 2019 23:20 (UTC +04:00)
Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir.
Azərbaycan Prezidenti: Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir

Trend-i buradan izləyin

Bakı. Trend:

Hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

İlham Əliyev vurğulayıb ki, bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: “Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.

Dövlətimizin başçısı əlavə edib ki, bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək: “Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti