...

Azərbaycan Prezidenti: Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq

Siyasət Materials 29 Noyabr 2019 16:28 (UTC +04:00)
Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq.
Azərbaycan Prezidenti: Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq

Bakı. Trend:

Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı deyib: "Mən çox şadam ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir. Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi.

Mən Fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə Fondun icraçı direktoru Şahmar Mövsümov mənim tərəfimdən Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaqdır.

Sizə isə tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Dövlət Neft Fondu həm öz aktivlərini artırmalı, onları əmniyyətli şəkildə yerləşdirməlidir. Strateji resursumuz olan Neft Fondumuz daim ölkəmizin, xalqımızın mənafeyi üçün çalışmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti