Bakı. Trend:
Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir: "Sizi, görkəmli dövlət və ictimai xadimi, ali sənətkar və nadir keyfiyyətlər sahibi olan şəxsiyyəti bu əlamətdar yubiley günündə ürəkdən təbrik etmək istərdim.
İllər uzunu davam edən fəaliyyətiniz öz çoxcəhətliliyi və miqyası ilə heyrət hissi doğurur. Əlbəttə, ilk öncə Siz beynəlxalq arenada tanınan diplomat - ölkəmizin maraqlarının sayıq müdafiəçisisiniz. Azərbaycanın Rusiya ilə ikitərəfli münasibətlərinin son 15 il ərzində uğurla, dinamik inkişaf etməsində Sizin də zəhmətiniz önəmlidir. Ölkə tarixinin ən çətin dövründə Mədəniyyət Nazirliyinə rəhbərlik edərək Siz nazir vəzifəsində gerçəkləşdirdiyiniz çoxsaylı irihəcmli layihələrlə müstəqil Azərbaycanın incəsənətinin inkişafına, geniş miqyasda tanınmasına əvəzsiz töhfələr bəxş etmisiniz.
Dünyanın müxtəlif guşələrində yaşayan on minlərlə insan Sizi ilk öncə nadir istedada malik özünəməxsus musiqiçi – bəstəkar və müğənni kimi tanıyır. İllər ərzində ölkə-ölkə gəzərək Siz öz təkrarsız sənətinizlə Azərbaycanı millətindən, dili və dinindən asılı olmayaraq geniş auditoriyaya tanıtdırmısınız. Bu gün də Sizin şaqraq səsiniz, bənzərsiz ifa ədanız, bir-birindən gözəl mahnılarınız sevə-sevə dinlənilir: Siz ən gözəl tədbirlərin istəkli, səbirsizliklə gözlənilən qonağısınız.
Müxtəliflik, zənginlik Sizin bəstəkartək yaradıcılığınızı da səciyyələndirir. Burada instrumental musiqinin ali janrı - simfoniya, kamera-instrumental və vokal əsərlər də təmsil olunub. Bəstəkar kimi sənətinizin tacı - əbədi dəyərləri vəsf edən “Məhəbbət və ölüm” baletiniz müxtəlif məşhur teatr səhnələrində tamaşaya qoyularaq Azərbaycan sənətinə şöhrət gətirmişdir.
Gözəl bir deyim var: ot kökü üstündə bitər. Sizin bütün yaradıcılıq həyatınız bu fikri isbat və təsdiq edir. Yeni Azərbaycan mədəniyyətinin qurucularından biri - dahi sənətkar, musiqiçi, tədqiqatçı, vokal ustası əfsanəvi Bülbülün ailəsində boya-başa çatmış bir insan kimi Siz Azərbaycan sənətinin ən yaxşı ənənələrini şərəflə davam etdirir, bu işə bütün ürəyinizin hərarətini bəxş edirsiniz.
Ümumiyyətlə, hansı işə üz tutursunuzsa tutun, hər dəfə böyük məharət, inadkarlıq, polad iradə sərgiləyirsiniz. Görünür, Sizə verilən ad da xarakterinizin ümdə keyfiyyətlərinin formalaşmasına təsir göstərib. Ümumiyyətlə, obrazınız dastan qəhrəmanlarını – bir əlində saz, bir əlində qılınc olan qəhrəmanları xatirimizdə canlandırır.
Əziz Polad müəllim, şadam ki, mənə Sizinlə bahəm çalışmaq nəsib olub. Gərgin, məhsuldar əmək dolu illəri – tam qarşılıqlı etibar və ehtirama, amal birliyinə söykənən münasibətlərimizi həmişə xoş duyğularla xatırlayıram.
Polad müəllim, Sizə bu gözəl bir gündə fəaliyyətinizin müxtəlif istiqamətlərində, ölkəmizin nüfuzunun artmasına xidmət edən işinizdə yeni-yeni qələbələr diləyirəm. Davamlı sağlam həyat, tükənməz enerji, şövq, könül xoşluğu- bütün sevdiyiniz və Sizi sevən insanlarla birlikdə!"