Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycanda parlament seçkilərini müşahidə edərkən hər hansı bir maneə ilə qarşılaşmamışıq.
Bunu Trend-ə ATƏT Parlament Assambleyasının (PA) nümayəndəsi Net Parri deyib.
Onun sözlərinə görə, seçkini şərh etmək hələlik tezdir:
“Biz müşahidə missiyası olaraq, məlumatları toplayacağıq, təhlil edəcəyik və bundan sonra bəyanat hazırlayıb mətbuat konfransında təqdim edəcəyik”.
N.Parri qeyd edib ki, bu gün səhər ATƏT PA-nın müşahidəçiləri Bakıda yeddi seçki məntəqəsində olub:
“Biz seçki məntəqələrinin açılışında olmuşuq. Bəzi qeydlər etmişik və bu müşahidələrimizi Demokratik Təşkilatlar və İnsan Haqları Bürosunun analitikləri ilə bölüşəcəyik. Şəxsən mən hər hansı bir çatışmazlıq görmədim, amma bu sadəcə bir müşahidədir. Bütün məlumatlar toplanana qədər gözləmək lazımdır. Seçkiləri müşahidə edərkən hər hansı bir maneə ilə qarşılaşmamışıq. Bütün seçki məntəqələrinə sərbəst daxil olmuşuq. Lap əvvəldə seçici fəallığı aşağı olsa da, günorta saatlarına kimi seçicilərin sayı artdı”.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.
Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.