...

Tural Səfərov: Prezident İlham Əliyev ermənilərin əsrlərdir uydurduqları “həqiqətləri” ifşa edərək onların iç üzünü bütün dünyaya göstərdi

Siyasət Materials 17 Fevral 2020 17:41 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirəsində dünya birliyi Azərbaycanın haqlı mövqeyinin bir daha şahidi oldu.

Dövlətimizin başçısı panel müzakirəsində təmkin və cəsarətli mövqe nümayiş etdirərək, konkret faktlarla danışaraq Azərbaycanın ədalətli mövqeyini ortaya qoydu.

Bu fikirləri kütləvi Trend-ə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu barədə tarixi faktlarla çıxışına Ermənistanın baş naziri heç bir tarixi fakta söykənməyən və dünya birliyi tərəfindən qəbul olunmayan gülünc arqumentlərlə cavab verməyə çalışdı. Nikol Paşinyanın yalana söykənən tutarsız fikirləri bu münaqişədə haqlı tərəfin Azərbaycan olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan birinin Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı olduğunu bildirərək dedi ki, əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub.

Azərbaycan Prezidenti İlham Əliyevin panel müzakirəsində Nikol Paşinyanı, onun simasında işğalçı dövləti və erməni lobbisini darmadağın etməsi hər bir azərbaycanlıda qürur hissi yaratdı.

Prezident İlham Əliyevin tarixi faktlara söykənən bəyanatları bir daha göstərdi ki, ermənilər Dağlıq Qarabağda 19-cu əsrdən sonra yaşamağa başlayıblar. 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir.

Tarixi faktlar, yazılı mənbələr, Qarabağdadakı abidələr və Qarabağ xalçaları təkzibolunmaz şəkildə sübut edir ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər həyasızcasına Azərbaycan xalçalarını da özününküləşdirməyə çalışırlar. Ancaq bütün dünyanın bildiyi həqiqət odur ki, ermənilər xalça toxumağı azərbaycanlılardan öyrəniblər. Qarabağda toxunan xalçaların naxışları, onların üzərində olan türk damğaları bu xalçaları qədim azərbaycanlıların toxuduğunu sübuta yetirir. Tarixən Qarabağ bölgəsində yaşayan insanların məişətinin ayrılmaz hissəsi olan xalçalar, eyni zamanda, xalqımızın mədəniyyətinin, tarixinin göstəricisi, daşıyıcısı olub.

Tural Səfərov deyib ki, Prezident İlham Əliyev Qarabağ bölgəsində xalça fabrikləri yaratmaqla qədim sənətimizin yaşadılmasına şərait yaradıb. Ağdamın Quzanlı qəsəbəsində, Füzulinin Horadiz şəhərində, Bilsəvur rayonu ərazisində Cəbrayıl rayonundan məcburi köçkün düşənlərin məskunlaşdığı qəsəbədə, Tərtərdə fəaliyyətə başlayan xalça istehsalı emalatxanaları, bu il yaradılması nəzərdə tutulan Xocalı filialı işğal olunmuş torpaqlarımıza tarixi qayıdışa hesablanmış nəhəng işlərdir. Bu, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. İndi “Azərbaycan xalçası” brendi kimi dünya bazarına ixrac olunan, tarixi Qarabağ çeşniləri əsasında toxunmuş xalçalar ideoloji cəhətdən bizim üstünlüyümüzü təmin edən faktorlardandır.

Dövlətimizin başçısının panel müzakirəsinin sonunda söylədiyi fikirlər Ermənistanın baş nazirini çox çətin vəziyyətə saldı və o, çıxış yolu tapa bilmədi. Prezident İlham Əliyev dedi ki, Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar. Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Ölkə rəhbəri açıq mətnlə dedi ki, Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək. 20-ci əsrin əvvəllərində güzəştə getdiyimiz torpaqlar hesabına ermənilər bu regionda öz dövlətlərini yaradıblar. Halbuki İrəvan qədim Azərbaycan şəhəridir və yaxın tarixə qədər orada bir erməni belə yaşamayıb. İrəvanın qədim Azərbaycan şəhəri olduğunu təsdiqləyən təkzibolunmaz faktlar var ki, onlardan biri də xalçalardır. O xalçalar ki, bu gün həmin çeşnilər “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında toxunaraq İrəvan qrupu xalçaları kimi bütün dünyaya ixrac olunur.
Bu mənada, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirəsində Ermənistanın baş nazirini bütün dünyanın gözü qarşısında rəzil etməsi həm Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən tarixi fakrların mövcudluğunun, həm də uzun illər ərzində görülən real işlərin nəticəsidir. Cənab İlham Əliyev həmin müzakirədən ermənilərin əsrlərdir, uydurduqları “həqiqətləri” ifşa edən qüdrətli və qalib Azərbaycanın Prezidenti kimi ayrıldı. Əminik ki, tezliklə işğal olunmuş torpaqlarımız düşmən tapdağıdan azad ediləcək və cənab İlham Əliyev Dağlıq Qarabağa qalib Azərbaycanın Prezidenti kimi gedəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti