...

Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)

Siyasət Materials 30 Mart 2020 15:09 (UTC +04:00)
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)

Bakı. Trend:

COVİD-19 virusunun yayılması ilə əlaqədar minlərlə soydaşımız xaricdən vətənə təxliyyə olunub, hazırda bir sıra ölkələrdə, o cümlədən Ukraynada qalan və köməyə ehtiyacı olan azərbaycanlıların zəruri ehtiyacları təmin olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, martın 18-də Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) toplantısı keçirilib və dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada da yayılmaqda olan koronavirusla əlaqədar operativ qərargah və qaynar xətt yaradılıb.

Ukraynadakı Azərbaycan diasporunun operativ qərargahına ümumilikdə 420-dən çox müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti təxliyyə və maddi yardımla bağlıdır. Hazırda DİDK və diaspor təşkilatlarının dəstəyi ilə 175 nəfərin müraciəti təmin olunub. Onlardan 47 nəfər təxliyyə edilib, 128 nəfərə isə maddi yardım göstərilib. Onlar müvəqqəti yaşayış yeri və ərzaqla təmin olunub.

Müraciətlər əsasən Kiyev, Xarkov və Lvov şəhərlərindən olub, onların əksəriyyəti tələbələr, turistlər və müvəqqəti işləmək üçün gedənlərdir.

Ölkəyə qayıda bilməyən və maddi yardıma ehtiyacı olan 60-dan çox soydaşımız Kiyevdə, 35-dən artıq azərbaycanlı Xarkovda, 29-dan artıq soydaşımız isə Lvovdadır, onlar müvəqqəti qalma yerləri ilə təmin olunub və digər gündəlik tələbatları ödənilir.

Soydaşlarımızın müraciətlərinin sayı artır və onların problemlərinin həlli istiqamətində tədbirlər davam edir.

Qeyd etmək lazımdır ki, bu qərargahlar tək tələbələrə deyil, karantin zamanı müxtəlif səbəblərdən Ukraynanı tərk edə biməyən bütün Azərbaycan vətəndaşlarına yardım etməyə hazırdır. Onlar öz problemlərini ilə əlaqədar +380962273489; +380442273489 qaynar xəttinə müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti