...

Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən yararlanır

Siyasət Materials 15 Aprel 2020 10:10 (UTC +04:00)
Ceyhun Məmmədov: Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən yararlanır

Bakı. Elçin Mehdiyev – Trend:

Koronavirus (COVİD-19) pandemiyasının dünyada geniş yayılmasının dünya iqtisadiyyatına da ciddi təsirləri oldu. Bir çox dövlətlərin iqtisadiyyatında tənəzzül və durğunluq müşahidə olunmağa başladı. Bir sıra qlobal şirkətlər maliyyə itkisi ilə üzləşdilər, hətta bəziləri müflis oldular. Azərbaycanda bütün addımlar düşünülmüş şəkildə atılır və təsadüfi deyil ki, bir neçə ölkə təcrübəmizdən yararlanır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan ilk gündən pandemiyanın iqtisadiyyatımıza, eləcə də, vətəndaşlarımızın iqtisadi durumuna təsirlərini azaltmaq məqsədilə operativ və adekvat qərarlar qəbul etdi, Prezident İlham Əliyev tərəfindən bir neçə mühüm sərəncam imzalandı:

“Dövlət ilk gündən vətəndaşının yanında olduğunu, bütün addımları atacağını bəyan etdi. Əgər zamanında bu addımlar atılmasaydı, bu gün bir sıra Avropa ölkələri kimi, Azərbaycanda da ciddi problemlər yaşanar, daha çox insan bu virusun qurbanına çevrilə bilərdi.

Cənab Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata mənfi təsirlərinə toxunaraq bu prosesdən əziyyət çəkən 600 mindən çox insanın dövlət tərəfindən dəstəklə təmin edildiyini, həmin insanların maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödəndiyini bəyan etdi. İşini itirmiş və işləməyən insanlara yardımların göstərilməsinin vacib olduğunu bildirdi. Bu məsələ ilə bağlı aidiyyəti strukturlara müvafiq göstərişlər verdi. Hazırda dövlət qurumları bu istiqamətdə lazımi addımları atırlar.

Prezident İlham Əliyev müşavirədə işsizliklə bağlı məsələyə də toxundu, öz tapşırıq və tövsiyələrini verdi. Bütün bunlar Cənab Prezidentin bütün məsələləri diqqətdə saxladığını, vətəndaşların sağlamlığını hər şeydən üstün tutduğunu göstərir”.

C.Məmmədov vurğulayıb ki, dövlət başçısı müşavirədə ünvanlı sosial yardım məsələsinə də geniş toxundu:

“Bildiyiniz kimi, bu gün ölkəmizdə sosial siyasət uğurla həyata keçirilir. Çoxlu sayda ölkə vətəndaşı dövlətin yaratdığı müxtəlif sosial layihələrdən yararlanır. Prezident İlham Əliyev müşavirədə hazırda ölkəmizdə bu yardımı alanların sayının 70 mindən çox olduğunu, bu məsələ ilə bağlı vahid meyarların tətbiq olunmasının vacibliyini vurğuladı. Burada əsas məqsədlərdən biri də sosial ədalət prinsipinin qorunmasıdır”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev iqtisadi çətinliklərə baxmayaraq, bütün sosial layihələrin uğurla başa çatdırılmasının vacibliyini vurğuladı:

“Azərbaycanın buna kifayət qədər imkanının olduğunu, heç kimdən asılı olmadığını bəyan etdi. Prezident İlham Əliyev 2020-ci ilin islahatlar ili olacağını, bu islahatların bütün sahələri əhatə edəcəyini, demokratik inkişaf istiqamətində önəmli addımlar atılacağını bir daha bəyan etdi. İslahatlarda əsas məqsədin idarəetmə mexanizminin təkmilləşdirilməsi, gəncləşmə siyasətinin aparılması və peşəkar kadrların önəmli vəzifələrə daşınması olduğunu diqqətə çatdırdı. Artıq islahatların öz nəticəsini verdiyini, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan islahatlar nəticəsində ölkəmizin yeni uğurlu inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Ölkə başçısı islahatların yerli icra orqanlarını da əhatə etdiyini, xoşagəlməz hallara qarşı ciddi və qətiyyətli mübarizə aparılacağını bir daha vurğuladı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti