Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda icra olunan sosial infrastruktur layihələri hər bir vətəndaşın həyat şəraitini yaxşılaşdırıb və ölkəmizdə sosial dövlət qurulub.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, insanların sosial rifahının yaxşılaşmasına xidmət edən əməkhaqları və pensiyalar son 17 ildə 7-9 dəfə artıb:
“Təkcə 2019-cu ildə iki dəfə icra olunan sosial paketlərlə əhalinin əməkhaqları və müavinətləri 2 dəfə, pensiyalar isə 70% artmaqla 4,2 milyon vətəndaşın sosial rifahını kifayət qədər yaxşılaşdırıb. Dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejimi tətbiq olunanda cənab Prezident İlham Əliyev demişdi ki, “biz iki amil qarşısında seçim etməliyik. İqtisadiyyatı qorumaq və ya insanların sağlamlığını qorumaq”. Dövlət başçımız vətəndaşların sağlamlığını önə çəkdi və bu istiqamətdə çox ciddi addımlar atıldı”.
Deputat vurğulayıb ki, tətbiq olunmuş karantin rejimi nəticəsində fəaliyyətlərinə məhdudiyyət qoyulmuş sahələrdə çalışan, dövlət sektorunda 910 min, qeyri-neft sektorunda çalışan 710 min insanın əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət büdcəsindən ödənilir. Ödənişli ictimai iş yerlərin sayı 90 minə çatdırılır, işləməyən 600 min şəxsə isə 190 manat yardım verilir.
Eyni zamanda 15 min ahıla sosial xidmətlər təşkil olunub. Ümumiyyətlə 2,5 milyon nəfərin sosial vəziyyətinə dəstək üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrılıb. Koronovirusla mübarizəyə cəlb olunmuş tibb personalının əməkhaqları müddətli olaraq 3-5 dəfə artırılıb. Azərbaycan, xüsusilə pandemiya dövründə vətəndaşların qayğısına qalması və verilən dövlət dəstəyinin həcminə görə dünyada lider yerlərdədir. Bütün bunlar bir daha sübüt etdi ki, dövlət başçımız cənab İlham Əliyevin yürütdüyü siyasətin təməlində Azərbaycan vətəndaşı dayanır”.