...

Pakistanda “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramına start verilib (FOTO)

Siyasət Materials 4 Avqust 2020 20:37 (UTC +04:00)
Pakistanda “Azərbaycanın müasir dinamikası” adlı onlayn təcrübə proqramına start verilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfirliyi və bu ölkənin Qlobal və Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə təşkil edilən, Azərbaycan müstəqilliyinin bərpasının 29-cu ildönümünə həsr olunan onlayn təcrübə proqramında pakistanlı gənc tədqiqatçılar iştirak edəcək.

Trend xəbər verir ki, proqrama 30 iştirakçı seçilib və məşğələlər 2 ay ərzində keçiriləcək. Avqust və sentyabr ayları ərzində davam edəcək onlayn təcrübə proqramında Azərbaycandan və Pakistandan olan elm adamlarının, diplomatların, hərbçi və mütəxəssislərin mühazirələrinin dinlənilməsi, Azərbaycanla bağlı iştirakçıları maraqlandıran mövzulara dair təqdimatların keçirilməsi, sualların cavablandırılması və onların Azərbaycana dair müxtəlif məzmunlu məqalələrinin yerli mətbuatda dərc etdirilməsi nəzərdə tutulub. Təcrübə proqramı iştirakçılarda Azərbaycana dair geniş təsəvvürün formalaşdırılmasına və Azərbaycan həqiqətlərinə dair məlumatları birbaşa mütəxəssislərdən almağa şərait yaradacaq.

Avqust ayının 4-də start verilən təcrübə proqramının ilk günündə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin “Müstəqilliyinin bərpasından sonrakı Azərbaycan. Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığı” mövzusunda mühazirəsi iştirakçılara təqdim olunub. Səfir 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu müstəqilliyin qorunub saxlanmasından, Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycanın böyük inkişaf yoluna qədəm qoymasından və hazırda ölkəmizin sosial-iqtisadi inkişafından, çətinliklərin qətiyyətlə dəf edilməsindən, əldə olunan nailiyyətlər və qazanılan uğurlardan söhbət açıb. Ermənistanın Azərbaycanla sərhəddə son təxribatları və hücumları haqqında məlumat verən səfir Azərbaycanın davamlı olaraq Ermənistanın təcavüzü ilə qarşılaşdığını, lakin heç vaxt əyilmədiyini və haqq yolunda mübarizəsini davam etdirdiyini, güclü ordu və iqtisadiyyata sahib olan ölkəmizin torpaqlarımızı hər an azad etməyə qadir olduğunu bildirib. Beynəlxalq müstəvidə Azərbaycanın artan nüfuzundan danışan Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu və strateji tərəfdaşlığının buna bariz nümunə olduğunu, hər iki ölkə rəhbərliyinin və xalqlarının səyləri nəticəsində əldə olunan sıx əməkdaşlığın daha da möhkəmlənəcəyinə əmin olduğunu bildirib, Azərbaycan-Pakistan əlaqələrinə, həyata keçirilən sosial, iqtisadi, hərbi, müdafiə, enerji, turizm və digər ortaq layihələrə nəzər salıb, proqram iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Sentyabr ayının sonlarında bitəcək təcrübə proqramı Azərbaycanın tarixi, mədəniyyəti, təhsili və elmi, xarici siyasəti, iqtisadiyyatı, müdafiə və hərbi potensialı ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti kimi mövzuları əhatə edəcək və Pakistanla əlaqələrin, ortaq bağlılıq və münasibətlərin daha da gücləndirilməsi perspektivlərinin öyrənilməsini özündə ehtiva edəcəkdir. Proqramı sonadək uğurla başa vuran gənc tədqiqatçılara sertifikatların təqdim olunması və onların gələcəkdə bir sıra layihələrə cəlb olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti