...

Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər

Siyasət Materials 20 Sentyabr 2020 16:04 (UTC +04:00)
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər

Bakı. Asif Mehman - Trend:

"Ermənistan yeni müharibəyə hazırlaşır. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq".

Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyası, İctimai və Real televiziyalarına müsahibəsində deyib.

Trend-in məlumatına görə, təmas xəttindən əlavə, Ermənistan dövləti artıq bir neçə müddətdir ki, müharibəyə hazırlıqlar aparır. Ordudakı çatışmazlıqları müxtəlifl yollarla həll etməyə çalışan Ermənistan dövləti bunun üçün bütün resurslarını səfərbər edib. Bir faktı da qeyd edək ki, Ermənistan ciddi şəkildə səfərbərlik problemi ilə üzləşib. Bu səbəbən də "Müdafiə haqqında" qanuna əlavələr edib. Qanuna edilən dəyişiklik isə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa imkan verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşəbbüsünün müəllifi Anna Akopyan da bu proseslərdə yaxından iştirak edir ( Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır)

Bununla yanaşı, Ermənistan hakimiyyəti orduda olan kadr çatışmazlıqlarını həll etmək üçün qanunsuz köçürmə siyasətindən istifadə edir: Ermənilər Qarabağa muzdlu döyüşçülər köçürür – FAKTLAR

Deputat Elşən Musayev Trend-ə bildirib ki, Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir və üstəlik bunu naşı, riyakar, utanmazcasına həyata keçirir, ATƏT-in Minsk Qrupunun gözü qarşısında edir. Niyə? Çünki təşviş içindədir, uduzduğunu anlayır. Belə olan halda isə gücü yalnız ona çatır ki, növbəti təxribatçı bəyanatlar versin, aranı qatsın, məsuliyyətsiz açıqlamaları ilə gündəmə gəlsin: "Paşinyanın bəyanatları heç şübhəsiz ki, öz başının və təxəyyülünün məhsulu deyil. Amma hər kimin və ya hansı başın məhsuludur fərq etməz, nəticə etibarilə onun dilindən çıxan kəlmələr bütün hallarda absurd və mənasızdır. Bu işğalçı ölkə əgər beynəlxalq hüququn bütün ana prinsiplərini görməzdən gəlirsə, BMT qətnamələrini unudursa və hələ utanmaz mövcud vəziyyətdə hansısa şərt qoyursa, demək ki, bunlarda abır-həya, siyasi etika, məsuliyyət, cavabdehlik hissi qalmayıb. Bütün dünya deyir ki, Qarabağ Azərbaycanındır. Bircə Paşinyan bunu qəbul etmir. Hərçənd, o özü də anlayır ki, vəziyyət belə davam edə bilməz. Pafosla, şablon cümlələrlə, dəxilsiz hədələrlə çox uzağa getmək mümkün deyil. Cəbhədəki son hadisələr, döyüşlər də göstərdi ki, Ermənistanın öz hərbi gücü sıfıra bərabərdir. Kənardan dəstək olmasa saatlar yetərlidir ki, bu quldur dəstəsi bir an içində geri çəkilsin, məğlubiyyətə uğrasın".

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Trend-ə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: "Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox, həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Minsk Qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı, bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacaqdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir".

Millət vəkili Könül Nurullayeva isə Trend-ə açıqlamasında qeyd edir ki, işğalçı ölkənin iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbi Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olub. Çünki Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki, Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi: "Son vaxtlar təmas xəttinə yaxın ərazilərə qüvvələrin cəmləşməsi, işğal altındakı ərazilərdə məqsədli şəkildə demoqrafik tərkibin dəyişdirilməsi siyasəri, işğalçı ölkə rəsmilərinin öz ampluasına uyğun şərtlər irəli sürərək, təxribatçı bəyanatlar səsləndirməsi siyasəti də bunu təsdiqləyir. Yeni müharibə cəhdi isə ilk növbədə danışıqlar prosesini pozmaq və bölgədə "status-kvo" vəziyyətini saxlamaq niyyətinə hesablanıb. Təbii ki, mövcud tendensiya Azərbaycana vəziyyətə adekvat tədbirlər görmək üçün tam əsas yaradır. Çünki rəsmi Bakı hər zaman qətiyyətlə bəyan edib ki, imitasiya naminə dialoq və danışıqlar formatının dəyişdirilməsi birmənalı şəkildə yolverilməzdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti