...

Koçaryan və Sarkisyanın əli minlərlə günahsız azərbaycanlının qanına batıb - Deputat

Siyasət Materials 7 Dekabr 2020 16:21 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ilə yaxın davam edən Qarabağ problemini həll etdi və Azərbaycan öz ərazi bütövlüyünə qovuşdu. Münaqişənin tamamilə Azərbaycanın maraqlarına uyğun həll olunması Ermənistanda dərin siyasi çatlar yaratdı. Demək olar ki, Ermənistanda dövlət institutları faktiki olaraq fəaliyyət göstərmir.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Paşinyan öz nüfuzunu tamamilə itirib və Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir:

“Nəzərə alsaq ki, 2-ci Qarabağ müharibəsi zamanı fərarilik edən çoxlu sayda erməni əsgərləri və könüllüləri döyüş meydanından kifayət qədər silah-sursatla qaçıblar, bu da vəziyyəti Ermənistan üçün daha təhlükəli vəziyyətə gətirir. Hakimiyyətdə olduqları müddətdə daim Qarabağ kartından istifadə edən Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Köçəryan da hazırda bu ölkədə aktiv siyasi proseslərə qoşulmaq niyyətindədirlər. Onlar bu dəfə də Qarabağ kartından istifadə etməyə çalışırlar. Forma dəyişsə də məzmun dəyişməyib. Saxta qəhrəmanlar olan bu iki şəxs dərk etməlidirlər ki, artıq Azərbaycan qalib ölkədir, Qarabağ problemi deyilən bir anlayış yoxdur, Ermənistanın inkişafı birbaşa olaraq qonşuları ilə münasibətlərin normallaşmasından asılıdır, yeni növ bir münaqişə yaratmaq cəhdi isə sadəcə olaraq Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxara bilər.

Əlləri minlərlə günahsız azərbaycanlının qanına batmış bu şəxslər həm də öz xalqını aldadırlar, onlara qarşı da kifayət qədər ağır cinayətlər törədiblər. Düşünürəm ki, Paşinyanı hansısa məsələlərdə ittiham edən bu şəxslər həm də öz əməllərinə, hakimiyyətdə olduqları vaxt törətdikləri cinayələrə də aydınlıq gətirməlidirlər.

Əslində Ermənistanın bu vəziyyətə gəlməsində ən böyük günahkarlar sırasında bu iki şəxsin adı ilk sıralardadır. Onlar özləri də bunu çox yaxşı bilirlər. Sadəcə olaraq hakimiyyət hərisliyi yeni qurbanlar verilmək bahasına olsa da onlar üçün hər şeydən önəmlidir. Amma erməni xalqını fikirləşən hər hansı bir erməni siyasətçi yaxşı başa düşməlidir ki, onların qurtuluşu Azərbaycandan asılıdır. Bu reallığı nə qədər tez dərk eləsələr, onlar üçün bir o qədər yaxşı olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti