...

Beynəlxalq aləmdə ölkəmizə böyük hörmət və etimad var - Deputat

Siyasət Materials 28 May 2021 11:25 (UTC +04:00)
Beynəlxalq aləmdə ölkəmizə böyük hörmət və etimad var - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər nüfuzu var və ölkəmizə böyük hörmət və etimad göstərilir. 28 May Respublika Günü münasibətilə Prezident İlham Əliyevə gələn təbrik məktublarında biz bunu bir daha aydın şəkildə gördük.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bütün dünya liderləri Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında Azərbaycanın əhəmiyyətini, beynəlxalq aləmə verdiyi töhfələri yüksək qiymətləndirib və bundan sonra da Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər:

“Ən mühüm məsələlərdən biri isə odur ki, dünya liderləri öz məktublarında Azərbaycanı strateji tərəfdaşları hesab etdiklərini vurğulayırlar. Bu məqamlardan biri ABŞ Prezidenti Co Bayden tərəfindən qeyd olunub. Co Bayden Azərbaycanın təhlükəsizlik, enerji, demokratik idarəetmə məsələlərində böyük işlər gördüyünü və ABŞ-ın bu istiqamətdə Azərbaycanla birgə səylər göstərdiyini vurğulayıb. O həmçinin ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il isə Xəzərdəki yatağın Türkmənistanla bağlı işlənməsinə dair Memorandumun imzalanmasını qeyd edərək Azərbaycanın Avropanın enerji şaxələndirməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb. Eyni zamanda Bayden Azərbaycanın 20 ildir ki, terrorla mübarizə sahəsində NATO-ya ciddi dəstək verdiyini diqqətə çatdırıb və buna görə ölkəmizə minnətdarlıq edib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer isə ölkəmizin koronavirusla mübarizədə beynəlxalq müstəvidə böyük töhfələr verdiyini diqqətə çatdırıb və bundan sonra da iki ölkə arasında əməkdaşlığın inkişaf edəcəyinə inamını ifadə edib. Çin Xalq Respublikasının Sədri də öz təbrik məktubunda Azərbaycanla mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsini “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycanı Avrasiyanın ən əlverişli logistika mərkəzinə və nəqliyyat dəhlizinə çevrildiyini vurğulayıb.

Bu cür fikirlər söyləyən dünya liderlərinin siyahısını genişləndirmək olar, lakin ümumilikdə onu bildirmək istəyirəm ki, Azərbaycanın beynəlxalq aləmdə belə nüfuz qazanması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş və uzaqgörən, müdrik siyasətin nəticəsində mümkün olub”.

A.Həsənova xüsuslə vurğulayıb ki, bu il xalqımız Respublika Gününü qürurla və qalib xalq kimi qeyd edir: “44 günlük Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdi və xalqımız bu tarixi Zəfərdən sonra Respublika gününü böyük fəxr və qürurla qeyd edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti