...

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü tarixi hadisədir

Siyasət Materials 27 İyul 2021 17:38 (UTC +04:00)
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşü tarixi hadisədir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikasının Milli Məclisində hər birinizi səmimi qəlbdən salamlayır sizlərə xoş gəlmisiniz deyirəm. Və Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təşəbbüsümə verdikləri dəstəyə və dəvətimi qəbul edərək bugünkü tədbirə təşrif buyurduqlarına görə dəyərli həmkarlarıma və rəhbərlik etdikləri nümayəndə heyətlərinə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Birinci Üçtərəfli Görüşü zamanı deyib.

S.Qafarova bildirib ki, bu gün Azərbaycan parlamentində belə bir tədbirin keçirilməsi tarixi hadisədir: “Əminəm ki, qardaş dövlətlər olan Azərbaycan, Pakistan və Türkiyənin parlament sədrlərinin bu formatda ilk görüşü tarixdə öz yerini tutacaqdır”.

Spiker bildirib ki, bu tədbirin keçirilməsi heç də təsadüfi deyildir:

“Azərbaycan, Pakistan və Türkiyə arasında mövcud olan münasibətlər və əməkdaşlıq xalqlarımızın qardaşlıq əlaqələrinə, qarşılıqlı hörmət və etimadına söykənir. Bu əlaqələrin günümüzə qədər qorunub saxlanılması və zamanın sınağından güclənərək çıxması olduqca təqdirəlayiq haldır. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqları ölkələrimiz arasında mövcud olan strateji müttəfiqlik münasibətlərinin daim gücləndirilməsi, xalqlarımızın bir birinə daha da yaxınlaşdırılması zərurətini irəli sürür”.

S.Qafarova qürur hissi ilə qeyd edib ki, 2020-ci il Azərbaycanın dövlətçilik tarixinə şanlı Zəfər ili kimi daxil olub:

“Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində tarixi qələbə qazanaraq torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyyb.

Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrinin icrasını öz gücü ilə təmin etmiş oldu. İşğalçı Ermənistan ordumuzun gücü qarşısında tab gətirə bilməyib təslim aktını imzalamağa məcbur oldu. 2020-ci ilin noyabrında Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla münaqişəyə son qoyuldu və hazırda bölgədə yeni reallıq yaranıb”.

Parlamentin sədri söyləyib ki, haqlı mübarizəmizdə qardaş ölkələr Türkiyə və Pakistan tərəfindən bizə verilən dəstək xalqımızın yaddaşında əbədi yaşayacaqdır:

“İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycana açıq siyasi və mənəvi dəstək göstərməsi dövlətlərimiz arasında müttəfiqliyin yüksək səviyyədə olduğunu nümayiş etdirib. Artıq tarixdə qalmış Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu təxminən 30 il ərzində Türkiyə və Pakistan bütün beynəlxalq platformalarda Azərbaycana köməyini əsirgəməmişlər və Ermənistanla diplomatik münasibətlər saxlamayıblar. Bu, yuxarıda qeyd etdiyim siyasi və mənəvi dəstəyin bariz sübutudur və biz bütün bunlara görə qardaş xalqlarımıza hər zaman minnətdarıq. Biz də qardaş Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə onların mövqelərini ayrı-ayrı platformalarda dəstəkləmişik və bu dəstək bundan sonra da davam edəcəkdir”.

Milli Məclisin Sədri bildirib ki, beynəlxalq münasibətlərdə ikili standartlara əsaslanan yanaşmalar, təəssüf ki, hələ də qalmaqdadır:

“Biz illər boyu bu yanaşmaların şahidi olmuşuq və bu gün də şahidi oluruq. Ona görə də dünyada qərəzli və ədalətsiz yanaşmaların mövcudluğu və getdikcə artması qardaş dövlətlər olaraq bizi daha sıx əməkdaşlığa sövq edir. Bu mənada inanıram ki, bu gün burada əsasını qoyduğumuz parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platforması dövlətlərimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə dəyərli töhfə verəcəkdir.

Hazırda ölkələrimizin ayrı-ayrı hökumət qurumları arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Parlamentlər olaraq, bizim də bu proseslərə fəal dəstək göstərməyimiz çox əhəmiyyətlidir. Biz deputatlar xalq tərəfindən seçilən, onun adından danışan və onun mənafeyini təmsil edən nümayəndələrik. Bu mənada, parlamentlərimiz arasında daha sıx əməkdaşlıq, əminəm ki, xalqlarımızın daha da yaxınlaşmasına, güclü tarixi əlaqələrimizin güclənməsinə kömək edəcəkdir.

Parlament sədrlərinin üçtərəfli əməkdaşlıq platformasının səmərəli fəaliyyət göstərməsi ortaq milli maraqlarımızın beynəlxalq platformalarda, xüsusən beynəlxalq parlament təşkilatları çərçivəsində birgə müdafiəsini təmin edəcəkdir”.

Parlamentin spikeri diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi, 30 illik münaqişəyə son qoyulması, həmçinin regionun geosiyasi mənzərəsini dəyişib:

“Bu gün Cənubi Qafqaz regionu üçün sülh, sabitlik və hərtərəfli əməkdaşlıq imkanları yaranıb. Bütün nəqliyyat və kommunikasiya əlaqələrinin reallaşması üçün şərtlər yetişib. Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır. Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir.

Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcəkdir. Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir.

Bütün bunları nəzərə alaraq, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatının yaradılmasının əhəmiyyətini bir daha vurğulamaq istəyirəm. Əminəm ki, bu format çərçivəsində görüşlərimizin davamlı keçirilməsi vacibdir. Bu formatın getdikcə daha səmərəli bir platformaya çevrilməsi ölkələrimizin daha sıx birləşməsinə təkan verəcəkdir”.

S.Qafarova bildirib ki, 3 qardaş ölkənin parlament sədrlərinin yeni formatda ilk görüşünün yekununda Bakı Bəyannaməsi qəbul edilməlidir. İnanıram ki, bu sənəddə əksini tapacaq məsələlər dövlətlərimiz arasında münasibətlərin inkişafının parlament ölçüsünü möhkəmləndirməyə kömək göstərəcəkdir.

Belə ki, Bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin ifadə olunması, hesab edirəm, əhəmiyyətli olacaqdır.

Sədr deyib ki, bundan əlavə, beynəlxalq təşkilatların, o cümlədən parlament assambleyalarının konstruktiv dialoq və əməkdaşlıq üçün əlverişli platforma təqdim etməsinin, maraq doğuran müxtəlif sahələrdə daha yaxşı iş birliyi qurulması səylərində hökumətlərə hərtərəfli dəstəyin qeyd edilməsi, eləcə də qərar vermə proseslərində qadın parlament üzvlərinin rolunun gücləndirilməsi üçün təşəbbüslərin və addımların dəstəklənməsi, inanıram ki, bizim üçtərəfli əməkdaşlığımızı dərinləşdirməyin mühüm bir amilinə çevriləcəkdir.

O, eyni zamanda, Ermənistan Respublikasının minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin qınanmasını, azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması səylərində Azərbaycanla həmrəylik ifadə olunmasını da vacib hesab edib.

Azərbaycan parlamentinin sədri çıxışının sonunda bir daha öz həmkarları, Pakistan Milli Assambleyasının Sədri cənab Əsəd Qeysərə və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopa və nümayəndə heyətlərinin üzvlərinə öz adından və Milli Məclis adından minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti