Bakı. Trend:
İyunun 16-da IX Qlobal Bakı Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar, yenidənqurma” mövzusunda birinci panel iclası keçirilib.
Trend-in məlumatına görə, Amerika Xarici Siyasəti üzrə Milli Komitənin prezidenti və baş icraçı direktoru Suzan Eliotun moderatorluğu ilə keçirilən paneldə kiberhücumlar da daxil olmaqla, hibrid müharibənin yeni növlərinə qarşı tədbirlər, müharibədən sonra Ukraynanın yenidənqurulmasının təşkili və bir sıra mövzular çərçivəsində müzakirələr aparılıb.
Panel iclasında çıxış edən Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşenko qeyd edib ki, dünya təhlükəsizliyinə yeni bir baxış olmalıdır. Hazırkı problemlərin nəticələri gələcək nəsillərə də təsir edə bilər.
Xorvatiyanın sabiq prezidenti Kolinda Qrabar-Kitaroviç bildirib ki, əsas məsələ müharibənin dayandırılması və bərpa-quruculuq işlərinin aparılmasıdır.
Panel iclas digər iştirakçıların müzakirələri ilə davam edib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.